USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Cənub Qaz Dəhlizini Avropada Rusiya qazına alternativ görür

13.07.2018 İqtisadiyyat
0 0
ABŞ Dövlət Departamenti Avropaya qaz tədarükündə Rusiya qazına ciddi rəqib ola biləcək Cənub Qaz Dəhlizi (CQD) layihəsini qətiyyətlə dəstəkləyir.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos RİA "Novosti"yə bildirib.

"Birləşmiş Ştatlar nəzərdə tutulan "Şimal axını-2" layihəsinin əleyhinə çıxış edir", - Kampos bildirib.

Onun sözlərinə görə, bu layihə Avropada ümumi enerji təhlükəsizliyini və sabitliyi pozacaq, xüsusilə, bu, Ukraynaya toxunacaq.

"Alternativ enerji mənbələrinə gəldikdə, biz yanacağın növləri, marşrutları və tədarükçü ölkələr üzrə yanacaq tədarükünün diversifikasiyasına yardım göstərməklə enerji təhlükəsizliyini artırmaq məqsədi ilə avropalı tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Məsələn, Birləşmiş Ştatlar artıq 2019-2020-ci illərdə Xəzər dənizindən iri qaz həcmlərinin nəqli vasitəsilə Avropada qaz idxalını diversifikasiya edəcək Cənub Qaz Dəhlizi layihəsini qətiyyətlə dəstəkləyir", - o deyib.

Xatırladaq ki, 3,5 min kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi Xəzər dənizi şelfində hasil edilən qazı Avropaya tədarük etməyə imkan verəcək. Cənub Qafqaz boru kəməri, TANAP və TAP CQD-nin tərkib hissələridir. TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutur. 2020-ci ildə TAP istifadəyə veriləndən sonra Azərbaycan qazı Avropa ölkələrinə tədarük olunacaq.