“Şəxsi bacarıq və özünəinam sayəsində uğura imza atmaq mümkündür”.
"Qadın öz işini qurmaq iqtidarında deyil" stereotipi artıq dağılmaq üzrədir desək, yanılmarıq.
Belə ki, son zamanlar ölkədə "biznes leydi"lərin sayı kifayət qədər artıb. Onlar xüsusilə xidmət, yaxud kiçik istehsal, tekstil kimi sahələrdə iş qurmağa üstünlük verirlər.
"Kommersant"ın "İş xanımı" rubrikasının bu dəfəki qonağı Aynur Hüseynova isə son dövrlər daha çox məşhurlaşmış biznes istiqamətlərindən biri olan turizm sahəsini seçib.
Maliyyə sahəsi üzrə təhsil alan müsahibimiz 17 yaşından başlayaraq bank, reklam, maliyyə sahələrində işləyib. Turizm sahəsinə sevgisi onu italyan və fransız dilindən tərcümədə sevgi mənasını verən "Amore Travel"ı təsis etməyə həvəsləndirib. Şirkətin CEO-su Aynur xanım müştərilərin göstərdikləri xidmətdən narazı qalmamaları üçün hətta bəzən 2 saata yaxın onlara tur barədə ətraflı məlumat verir. Ancaq tur haqqında kifayət qədər informasiya toplayan müştəri bəzən sonda bileti almır. Lakin işinə olan sevgisi Aynur xanımı uzun-uzadı izahlardan bezdirmir.
"Biznes leydi", uğurlu iş xanımı olmağın sirrlərindən də danışıb:
"Biznes fəaliyyətinə başlamaq üçün maddiyyat amili danılmazdır. Lakin şəxsi bacarıq və özünəinam sayəsində uğura imza atmaq mümkündür".