USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank idxal infilyasiyasının qarşısını necə alacaq?

06.06.2023 İqtisadiyyat
14 0
“Mərkəzi Bankın əlində bu infilyasiyanın qarşısını alacaq vasitə və alətlər yoxdur”.

Bu sözləri Kommersant.az-a iqtisadçı Pərviz Heydərov “Türkiyədə lirənin ucuzlaşması fonunda bu ölkədən idxal zamanı gələn infilyasiyanın Mərkəzi Bank qarşısını necə ala biləcək" sualına cavab verərkən deyib.

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank bir neçə tədbir görə bilər:

“Dövriyyədə olan pul kütləsini məhdudlaşdıra bilər və uzun müddətdir ki, bu siyasəti həyata keçirir. Uçot dərəcəsini qaldıra bilər. Bunu da İdarə Heyətinin iclasında hər dəfə 0.5 səviyyəsində qaldırırlar”.

Bundan başqa infilyasiya ilə bağlı təkcə Mərkəzi Bank deyil, hökumətdə tədbirlər görməlidir:

“Hökumətdə bu tədbirləri görür. Məsələn, daxili bazarda hansısa məhsula ehtiyac var ki, onların idxalı mümkün olmadan keçinə bilmərik, onların gömrük rüsumlarını azaltmaq lazımdır”.

Pərviz Heydərov qeyd edir ki, Azərbaycanda infilyasiya konfliktlərinin kökündə duran əsas məqam infilyasiyanın ən çox idxal olunmasıdır:

“Bu da ən çox ərzaq məhsullarının idxalında özünü göstərir. Yəni ölkəmizdəki infilyasiyanın çox hissəsini ərzaq məhsulları üzrə bahalaşmadan irəli gələn infilyasiya təşkil edir”.

İqtisadçı qeyd edib ki, eyni zamanda xaricdə bahalaşan məhsulların ölkəmizdəki infilyasiyada oynadığı rol böyük və təsiri genişdir:

“Nə qədər ki, biz idxal infilyasiyasından yaxa qurtara bilməyəcəyik, Türkiyə, Avropa və digər ölkələrdəki proseslər bizim idxal infilyasiyasiyasına təsirini davam etdirməli olacaq. Bu qaçılmaz xarakter daşıyır”.

Pərviz Heydərov bildirib ki, bütün bunlarla infilyasiyanın qarşısını almaq mümkün deyil:

“Bu da onu göstərir ki, ölkədən kənarda da vəziyyət qənaətbəxş deyil. Məsələn, elə Türkiyədəki infilyasiyanı götürək. Doğrudur, deyirlər ki, mayda infilyasiya səngiyib, amma düşünürəm ki, hələ də yüksək səviyyədədir. Lirənin dollar qarşısında getdikcə daha çox ucuzlaşması ona işarədir ki, bu ölkədə infilyasiya hələ bir az da böyük xarakter daşıyaraq davam edəcək”.

Həmsöhbətimiz əlavə olaraq qeyd edir ki, bizdə vəziyyət Türkiyədən yaxşıdır:

"Bizdə rəsmi olaraq 14, ərzaq üzrə 20 faizə yaxındır, amma Türkiyədə infilyasiya bizdən dəfələrlə yüksəkdir. Vəziyyət hələ bir az çərçivədə saxlanılır. Ona görə ki, Mərkəzi Bank manatın dollara münasibətini əlində saxlaya bilir. Bu da daha çox ixrac etdiyimiz neft və qazın hesabınadır. Onun da qiyməti bizim üçün hazırda əlverişlidir. Bu özü də həmin infilyasiyanı cilovlayan, məhdudlaşdıran, nəzarət altında saxlayan ən güclü vasitədir. Türkiyənin belə bir vasitəsi yoxdur”.

  • Əvvəlki

    Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparır

Digər xəbərlər