USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Artan məhsul bolluğu - Fermerlər xarici bazara necə çıxsın?

07.06.2023 İqtisadiyyat
14 4
Cəlilabadda yetişdirilmiş kartof sahələrdə qalıb. Fermerlər məhsulun çox, alıcının isə az olmasından şikayətlənir. Buna görə də bir çox fermer məhsulunu sahələrdən yığmaqdan imtina edir. Onlar həm daxili bazarın zəifliyindən, həm də xarici bazara çıxışın olmamasından şikayətlənir. Bəs dövlət bu işdə fermerlərə necə yardım etməlidir, fermerlərin öz üzərinə hansı vəzifə düşür?

Kommersant.az məsələni İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli ilə müzakirə edib.

İqtisadçı bildirib ki, fermerlər hansısa məhsulu becərməyə başlayanda ilk öncə araşdırma, bazar analizi aparmalıdır:

“Onlar bu məhsulun gələcəkdə satış imkanları, həmin məhsula tələbatı, bu məhsulları normal qiymətə satmaqla bağlı məsələləri və s.araşdırmalıdır”.

Eyyub Kərimli hesab edir ki, hazırki dövürdə fermerlərə dəstək formasında əlavə yarmarkalar yaradılmalıdır:

“ Fermerlərin bu yarmarkalara birbaşa çıxışına və onların öz məhsulllarını sata bilməsinə şərait yaratmaq lazımdır”.

Fermerlərin xarici bazarlara çıxışı, öz məhsullarını orda sata bilməsi üçün görülə biləcək işlər haqqında danışan iqtisadçı bildirir ki, burada da dövlətlələ bərabər fermerlərin də üzərinə iş düşür:

“Azərbaycan kartofu əsasən qonşu ölkələrə idxal olunurdu, burada həm də fermerlərin öz üzərində məsuliyyət yaranır. Onlar özləri xarici bazarlarda axtarış etməli, öz məhsullarını sata biləcək şəxsləri tapmalı, internetlə onlayn satış imkanlarını genişləndirməlidirlər”.

Ekspert hesab edir ki, bizdə fermerlər daha çox kənd yerlərində yaşadığına görə dövlət tərəfindən onları hansısa təlimlərə qoşmağa ehtiyac var:

“Onların xarici bazara çıxışı üçün, onlayn satışdan istifadədn yararlanması üçün təlimlərə ehtiyac var. Bu yöndən dövlət onlara ciddi dəstək ola bilər”.

Eyyub Kərimli əlavə olaraq bildirib ki, dövlətin dəstəyi həm də saxlama, soyuducu anbarların tikilməsinə də yönəldilməlidir ki, fermerlər həmin anbarlarda öz kartoflarını saxlayaraq, bazarda daha uyğun qiymət yarananda, tələb artanda satışa çıxarsınlar.