İyulun 13-də Nizami Rayon İcra Hakimiyyətində rayonun 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
"Kommersant" Nizami Rayon İcra Hakimiyyətinin yaydığı məlumatlara istinadən xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun idarə və müəssisə, təhsil və səhiyyə ocaqlarının, hüquq-mühafizə orqanlarının, ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Arif Qasımov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlətimizin başçısının Azərbaycanın həm iqtisadi, həm beynəlxalq siyasətdə uğurlar əldə etdiyini vurğuladığını diqqətə çatdırıb. A.Qasımov, eyni zamanda, 49 il əvvəl 1969-cu il iyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu qeyd edib. O, 49 il bundan əvvəl başlanan yolun bundan sonra da Azərbaycan üçün aparıcı yol olacağını və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirildiyini vurğulayıb.
Sonra rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2018-ci ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib. İ. Mehdiyev hesabat dövründə Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 2350 nəfərin qeydiyyata götürüldüyünü, mərkəzə müraciət edənlərdən 828 nəfərin münasib işlə təmin edildiyini diqqətə çatdırıb. Rayon icra hakimiyyəti başçısının müavini ictimai-siyasi, humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər, 2018-ci ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra məsələlər barədə məlumat verib.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva çıxış edərək Prezident İlham Əliyev tərəfindən aparılan uzaqgörən siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutduğunu söyləyib. Eyni zamanda, Nizami rayonu üzrə əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıb.