Son iki iclasında faiz artımı gözləməyən bazarları təəccübləndirən Avstraliya Ehtiyat Bankı (RBA), analitiklərin faiz artımı proqnozlarına baxmayaraq, bu dəfə faiz dərəcəsini dəyişmədi.
Kommersant.az xəbər verir ki, RBA-dan verilən açıqlamaya görə, göstərici faiz dərəcəsi 4,10 faiz səviyyəsində saxlanılıb. Analitiklər 25 baz bəndlik faiz artımını gözləyirdilər.
Açıqlamada deyilir ki, faiz dərəcələrinin bu ay sabit saxlanılması qərarı Pul Siyasəti Komitəsinə iqtisadiyyatın vəziyyətini, iqtisadi perspektivləri və bununla bağlı riskləri qiymətləndirmək üçün daha çox vaxt verəcək.
RBA ard-arda 10 iclas keçirdiyi faiz artımını aprel toplantısında dayandırıb, may və iyun iclaslarında isə təəccüblü şəkildə yenidən artırıb.
Bank həmçinin svop qalıqları üzrə ödənilən faiz dərəcəsini 4,0 faiz səviyyəsində saxlayıb.
RBA Avstraliyada inflyasiyanın pik həddini keçdiyini və may ayı üçün aylıq CPI göstəricisinin daha da azaldığını bildirib.
Ölkədə inflyasiya rəqəmləri rüblük dövrlər üçün açıqlanır. Sonuncu dəfə açıqlanan 2023-cü ilin birinci rübündə inflyasiya 7,8 faizdən 7,0 faizə düşüb. May ayı üçün göstəricilər inflyasiyanın 5,6 faizə düşdüyünü göstərir. Bununla belə, bu nisbət hələ də RBA-nın 2-3 faizlik hədəfindən xeyli yuxarıdır.