Kommersant.az xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov satışda olan saxta nehrə yağları haqqında danışarkən deyib.
Birlik sədri deyir ki, bu saxta yağlar əsasən əhali aldadılaraq, rayonlardan gətirilərək “təmiz” nehrə yağı altında satılır:
“Bu yağlar ciddi marketlərdə satılmır. Hansısa marka adı altında olan bir neçə xırda dükanlarda, vağzal ətrafı ərazilərdə, bazarlarda satılır.
Bu yağlar kustar üsulla hazırlanır. Üzlü südü sərəndə ondan qaymaq əmələ gəlir. Bu qaymağı da yığanda ondan yağ əmələ gəlir. 20 litr südün qaymağından 1 kilo yağ əmələ gəlir. Qaymaqdan qalan 4 faizi sudur, qalanı da süd qalıqlarıdır. Bu yağı hazırlayan şəxslər də ən ucuz marqarinləri, donmuş bitki yağlarını alaraq bu qarışıma tökürlər və qaynadırlar. Lakin nə qədər qaynatsalar da yağ ilə süd qarışmır. Bundan sonra isə həmin mayeni homalizator deyilən aparata tökürlər və bu aparat da həmin qarışı bircinsli məhlula çevirir. Və bu da ağ rəngli yağlı süd olur. Əgər biz bunu sərsək, o təzdən qaymaq olur və qaymaqdan yağ hazırlanır. Və bu yağ da kərə yağına bənzəyəcək. Əgər biz bu yağı laboratoriyaya versək, laboratoriyada bilməyəcək ki, bu yağlar bitki yağıdır, ya təmiz yağdır. Çünki laboratoriya həmin yağda süd turşularını axtaracaq və bu turşularda həmin yağlarda var. Və beləcə transyağların da qarışımı olan, əhalinin almağa üstünlük verdiyi, aldadıldığı kənd yağı, nehrə yağları ortaya çıxır”.
Eyyub Hüseynov deyir ki, istisna olunmur ki, bəzi kütləvi istehsalçılar da onlar da bu qaydadan istifadə edirlər:
“Bu məsələlər hamısı həll olunmadan qalmış məsələlərdir. Əhali bu cür ucuz satılan yağlara inanmasın. Şübhələri olan zaman isə 1003 qaynar xəttinə zəng eləsin.
İstehlakçılar bu yağları nə görüntüsündən, nə dadından digər yağlardan ayıra bilməz. Ancaq əridəndə hiss edə bilər”.