USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı meriyası Eldar Əzizova tapşırıldı - TƏYİNAT

16.07.2018 İqtisadiyyat
0 0
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.

Bu barədə Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

O təsdiq edib ki, E.Əzizov birinci müavin təyin edilib: "Eldar Əzizov birinci müavin təyin edilib və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edir".

Qeyd edək ki, E.Əzizov bundan əvvəl Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Eldar Əzizovun tərcümeyi-halını təqdim edirik:

Eldar Əziz oğlu Əzizov 1957-ci il iyun ayının 28-də Bakı şəhərində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayında Səbail rayon İcra Hakimiyyətinin başçısı işləyib.

1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib, 1980-ci ildə "Şərəf nişanı", 2017-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Difai" kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilib. Ailəlidir, 2 övladı var.