Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, iqtisadiyyat naziri, kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti 2018-ci ilin ilk 6 ayının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu, dinamik inkişaf templərinin qorunub saxlanıldığını vurğulayıb, görülən işləri müsbət qiymətləndirib. Belə ki, bu dövrdə ÜDM 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14 faizdən çox, yükdaşımalar 1 faiz, informasiya və rabitə xidmətləri 4,9 faiz, pərakəndə ticarət dövriyyəsi 2,5 faiz artıb.
2018-ci ilin birinci yarısında Azərbaycanın valyuta ehtiyatları artaraq 44,3 milyard ABŞ dollarına çatıb, ölkə iqtisadiyyatına 6 milyard manatdan çox sərmayə qoyulub, Dövlət İnvestisiya Proqramı 47 faiz icra olunub, dövlət büdcəsinin gəlirləri 27 faiz, xərcləri 16 faiz artıb.
Bu ilin ilk 6 ayında əhalinin gəlirləri 9,3 faiz artıb, inflyasiya 3 faiz təşkil edib, əhalinin gəlirlərinin artım tempi inflyasiyanı dəfələrlə üstələyib. Bu dövrdə xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyinin nəticəsidir.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti neft və qazdan asılılığın azaldılması, qeyri-neft sektorunun sürətli inkişafı, sərmayə qoyuluşlarının artırılması, Dövlət İnvestisiya Proqramında tutulmuş infrastruktur layihələrinin tam icrası, xüsusilə sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması, məktəblərin tikintisi və təmiri, yeni olimpiya idman komplekslərinin istifadəyə verilməsi, yeni yolların salınması, enerji sisteminin ən müasir əsaslarla idarə edilməsi istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Prezident İlham Əliyev, həmçinin sənaye parkları və məhəllələrinin, aqroparkların, iri fermer təsərrüfatlarının təşkili işlərinin davam etdirilməsi, müasir aqrotexniki texnologiyaların və elektron kənd təsərrüfatı sisteminin tətbiqi, yeni iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının icrası, sahibkarlara güzəştli kreditlərin verilməsinin və investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilməsi, xarici ölkələrdə ticarət evlərinin açılması, sahibkarların bu prosesə yaxından cəlb olunması və s. tapşırıqlar verib.
Dövlət başçısının tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə kollegiyanın sədri Şahin Mustafayev geniş məlumat verib.
İqtisadiyyatın aparıcı sahələrindən olan sənayenin inkişafı istiqamətində görülən işlərdən danışan Şahin Mustafayev bildirib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə investisiya qoyuluşunun 3,6 milyard dollara çatdırılması və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur.
Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək.
Ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılmış Balaxanı Sənaye Parkının hazırda 14 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə, 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, parkın ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb. İkinci mərhələdə daha 9 istehsal sahəsinin tikintisinə başlanacaq.
Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq.
Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.
Ölkədə ilk sənaye zonası olan Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Bu ilin mart ayının sonunda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcək.
Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək.
Hazırda digər rayonlarda da yeni sənaye parkları və məhəllələrinin yaradılması imkanlarının araşdırıldığını vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev bu istiqamətdə işlərin sürətləndirilməsi, araşdırmaların regionların potensialı nəzərə alınmaqla coğrafiyasının genişləndirilməsi barədə nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verib.
Dövlət başçısının tapşırığına uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Bundan başqa, 2019-cu ildə 10 xalça emalatxanasının tikintisi tamamlanacaq, həmin dövrə emalatxanaların sayı 30-a çatdırılacaq. İclasda Şahin Mustafayev ənənəvi istehsal sahələrindən olan xalçaçılığın inkişafına İqtisadiyyat Nazirliyi tərəfindən dəstəyin gücləndirilməsi barədə göstərişlər verib.
Kollegiya iclasında yerli istehsalın genişləndirilməsinin, yeni istehsal və emal müəssisələrinin yaradılmasının, mövcud istehsal sahələrinin potensialının artırılmasının dövlət başçısının daim diqqət mərkəzində olduğu vurğulanıb. Kollegiyanın sədri bildirib ki, bu strategiyaya uyğun olaraq, yeni texnologiyalara əsaslanan müəssisələrin, xüsusilə idxalı əvəz edən məhsulların yerli istehsalının təşkili, eləcə də ənənəvi sahələrin inkişafı istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək tədbirləri davam etdirilir.
Qeyd olunub ki, 2018-ci ilin ötən dövründə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən layihələrinin ümumi dəyəri 468,1 milyon manat olan 611 sahibkara geri qaytarılan vəsaitlər hesabına 100 milyon manatdan çox güzəştli kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çoxdur. Bu layihələr hesabına illik müqayisədə 3 dəfə çox olmaqla 7 mindən artıq yeni iş yerinin açılması nəzərdə tutulur. Ümumilikdə, 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara azı 170 milyon manat güzəştli kredit veriləcək.
Aqrar sektorun inkişafı məqsədilə 30 rayon üzrə 192 min hektar ərazidə ümumi dəyəri 1 milyard manatdan artıq olan 45 aqroparkın yaradılması üzrə işlər sürətlə davam etdirilir. Aqroparklarda zəruri infrastrukturun yaradılmasına 207 milyon manat dövlət əsaslı vəsait qoyulub, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək 14 aqropark istifadəyə veriləcək. Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənlik qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə edilmiş orta məhsuldarlıq ölkə üzrə müvafiq göstəricilərdən 2 dəfəyədək çoxdur.
İqtisadi fəallığın artırılması, ixracyönümlü məhsulların istehsalının dəstəklənməsi, investisiyaların cəlb edilməsinin stimullaşdırılması məqsədilə 55-i 2018-ci ilin birinci yarısında olmaqla, indiyədək 261 sahibkarlıq subyektinə 294 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində yerli istehsala 2,5 milyard manat investisiyanın yatırılması və 19 mindən çox yeni iş yeri açılması imkanı yaradılıb, bunlardan investisiya dəyəri 1 milyard manatdan çox olan 141 müəssisə artıq fəaliyyət göstərir.
Dövlət başçısının müvafiq Fərmanından irəli gələn vəzifələrin icrası olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmış “Lisenziyalar və icazələr” portalı bu ilin mart ayından fəaliyyətə başlayıb. Bu günədək İqtisadiyyat Nazirliyi tərəfindən “Lisenziyalar və icazələr” portalı vasitəsilə sahibkarlara 200-dən çox elektron lisenziya verilib.
Bununla yanaşı, kollegiya iclasında kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsində əhəmiyyətli rol oynayacaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın fəaliyyətinin təşkili işlərinin sürətləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verilib.
İclasda bildirilib ki, qeyri-neft ixracının artırılması məqsədilə dövlət dəstəyi tədbirləri davam etdirilir. İndiyədək 15 ixrac missiyası təşkil olunub, Azərbaycan şirkətləri 11 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak edib, ilkin razılaşmalar və sifarişlər əldə olunub, ixrac müqavilələrı imzalanıb, ixrac təşviqinin ödənilməsi davam etdirilib və 2018-ci ilin birinci yarısında sahibkarlara 2,2 milyon manat, indiyədək isə 5,3 milyon manat ixrac təşviqi ödənilib.
Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Şərqi Avropada ticarət nümayəndələri fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Rusiyanın Həştərxan şəhərində “Azərbaycan İş Mərkəzi” açılıb. Xarici kütləvi informasiya vasitələrində sahəvi brendlərin reklamı kampaniyasına, “Made in Azerbaijan” brendinin təşviqinə başlanıb. Belarusda və Ukraynada Azərbaycan ticarət evləri açılıb, bu yaxınlarda Latviyada “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayacaq, ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi”, Birləşmiş Ərəb Əmirliklərində “Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır, Çinin paytaxtı Pekində və bir sıra digər iri şəhərlərində ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur.
Kollegiya iclasında bu istiqamətdə işlərin sürətləndirilməsi, istehsal və ixrac potensialı olan prioritet məhsullar üzrə məlumat bazasının hazırlanması, eləcə də daxili bazarın qorunması məqsədilə spesifik rüsumlardan istifadə üzrə mütəmadi təhlillərın aparılması barədə nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.
Yerli məhsulların ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun, Arıçılar, Nar, Fındıq, Şərab, Çay, Süd və s. istehsalçıları və ixracatçıları assosiasiyalarının iclasları keçirilib, yerli şirkətlərə ixraca dair xidmətlər göstərilib.
Həyata keçirilən kompleks tədbirlər nəticəsində ixracın artım tempi davam edib, kənd təsərrüfatı məhsullarının ixracı 22 faiz, sənaye məhsullarının ixracı 27 faiz, xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 34 faiz artıb.
Kollegiya iclasında vurğulanıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial layihələrin icrasına diqqət daha da artırılacaq, səhiyyə və təhsil obyektlərinin tikintisi, əsaslı təmiri və ya yenidənqurulması, modul tipli məktəblərin inşası, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması tədbirləri davam etdiriləcək. İclasda Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan layihələrin icrası üzrə monitorinqlərin intensivliyinin artırılması, mütəmadi təhlillərin aparılması barədə tapşırıqlar verilib.
Kollegiya iclasında 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün, 2017-2021-ci illərdə tütünçülüyün inkişafına dair dövlət proqramlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə hesabat dinlənilib.
Kollegiyanın sədri Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş nazirliyin bir qrup əməkdaşına medallar və onların vəsiqələri təqdim edilib.
İqtisadiyyat naziri Şahin Mustafayev verilən yüksək qiymətə görə nazirliyin kollektivi adından dövlət başçısına dərin minnətdarlığını bildirib, kollektivin göstərilən etimadı doğruldacağını vurğulayıb.
İclasda digər cari məsələlər də müzakirə edilib.