Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyəti verilib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilən "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nda əksini tapıb.
Beləliklə, Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçılarına (məişət abonentləri istisna olmaqla),qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.
Bu sahələrdə nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.
Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik elektrik və istilik enerjisi təchizatı şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsini araşdıracaq. Elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar elektrik enerji istehsalı və təchizatı müəssisələrinin tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunması və yerinə yetirilməsinə nəzarət də Agentliyə həvalə olunub.
YENİ QAYDALAR MÜƏYYƏN EDİLƏCƏK
Nazirlər Kabineti 9 ay müddətində yerli və xarici ekspertləri, habelə beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə elektrik qurğularının quraşdırılması, elektrik və istilik qurğularının texniki istismarı və elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını müəyyən edəcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin "Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında 16 iyul 2018-ci il tarixli fərmanında əksini tapıb.
Nazirlər Kabineti bu müddət ərzində elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması və yanacaq ehtiyatının maliyyələşdirilməsi, yaradılması, qorunması, istifadəsi, həcmi və uçotunun həyata keçirilməsi qaydasını da müəyyən etməlidir.