Dünya birjalarında bəzi kənd təsərrüfatı məhsullarının qiymətində azalma müşahidə edilir.
Belə ki, 1 buşel qarğıdalının qiyməti 1,75 sent (0,49 %) azalaraq 353 sent olub (yaxud 1 kiloqram qarğıdalının qiyməti 13,07 sent olub).1 buşel buğdanın qiyməti isə 3,50 sent (0,70%) azalaraq 493,50 sent olub (yaxud 1 kiloqram buğdanın qiyməti 18,27 sent təşkil edib).
Bəs Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti hazırda necədir?
"Ucuzlaşma iyunun əvvəlində müşahidə edilməli idi. Proses gecikib, mövsüm başa çatmaq üzrədir".
"Kommersant" xəbər verir ki, bunu portalımıza açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli deyib. Onun sözlərinə görə, bu il məhsulun istehsal həcmi çox aşağıdır:
"Qlobal bazarda bəzi kənd təsərrüfatı məhsullarının qiymətində təxminən 15-20% ucuzlaşma müşahidə edilir. Bu hal özünü xüsusilə süd məhsulları (Avropa ölkələrində), taxıl və bitki yağlarının qiymətində göstərir. Ucuzlaşmaya təsir edən amillər isə müxtəlifdir: Rusiyaya tətbiq edilən sanksiyalar, dünya qida bazarına təsir edən Rusiya, İndoneziya və Malayziyanın bu il bazara həddən artıq bitki və kərə yağı çıxarmaları və s.
Daxili bazarda isə prosesin tam əksini görürük. Statistikaya əsasən, bu il ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 3,2 bahalaşma qeydə alınıb (xüsusilə, şəkər tozu, bostan məhsulları)".
Ekspert kənd təsərrüfatı məhsullarında qeydə alınan bahalaşmanın səbəblərindən də danışıb:
"Ötən il Azərbaycanda məhsul bol idi. Bu il ilkin yaz dövrü isə kənd təsərrüfatı məhsulları üçün çox əlverişsiz oldu. Kəskin istilərin düşməsi (suvarma ilə bağlı problemlər) məhsulların maya dəyərinin baha başa gəlməsinə səbəb oldu. Nəticədə istehsal qiymətləri bahalaşdı. Böyük ölkələrdə istehsalın həcmi çox olduğuna görə onlar məhsulun maya dəyərini istədikləri qədər ucuzlaşdıra bilirlər. Lakin biz onu edə bilmirik. Bizim məhsullar belə olan halda təbii ki, rəqabətə davam gətirə bilməyəcək".
N.Nəsirli vurğulayıb ki, oxşar situasiyalarda dövlətlər daxili bazarı qorumağa çalışırlar, istehsalı stimullaşdırırlar:
"Məsələn, Türkiyədəki 24 iyun referendumu ərəfəsində kənd təsərrüfatı məhsulları kəskin bahalaşmışdı. Amma ölkə idxalla bağlı qanun qəbul etmədi. Daxili istehsalı qorudu, ucuz məhsul taparaq Suriyadan idxal etdi və vəziyyətdən çıxdı.
Vəziyyətdən digər çıxış yolu isə, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqidir. Regionlarda bostan məhsullarının əsas hissəsi əl əməyi ilə becərilir. Mexanikiləşmə bütün təsərrüfatları əhatə edərsə, maya dəyərini aşağı salmaq olar".
Ekspert bildirib ki, qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılmır:
"Aqrotəqvimə görə, avqustun sonundan etibarən yay mövsümü başa çatır. Xüsusilə bostan və tərəvəz məhsulları açıq sahədə kütləvi istehsal olunduğuna görə təbii olaraq ucuzlaşma baş verəcək. Sonra isə istixanalarda yetişən məhsullar bazara çıxmağa başlayacaq. Onların qiymətləri başqa şərtlərlə müəyyən olunduğuna görə, qiymətlərin aşağı düşəcəyi gözlənilmir".