USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Piyadalara tətbiq edilən cərimələr artırıldı

17.07.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Dəyişiklik piyadaların cəriməsinin artırılması, nəqliyyat vasitələrinin texniki baxışın keçirilməsinin müddəti ilə bağlıdır.

Belə ki, məcəllənin 338-ci (Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinin 2-ci bəndinə əsasən, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat məbləğində cərimə edilir.

Maddəyə edilən əlavədə qeyd olunur ki, hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

Digər dəyişiklik isə 339-cu (Nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması, texniki baxışın keçirilməsi, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin və sürücülük vəsiqəsinin verilməsi və cərimənin alınması qaydalarının pozulması) maddəsinə edilib.

Maddənin "Qeyd" hissəsində edilən dəyişikliyə əsasən, şəxs nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. İndiyədək bu müddət 10 gün idi.