Neft qiymətləri Yaxın Şərqdəki gərginliyin yaratdığı tədarük narahatlığına görə yüksəlib.
Yaxın Şərqdə gərginliyi artıran HƏMAS-ın İsrailə hücumu və İsrailin bu hücuma sərt cavab verməsinin qlobal neft tədarükünə mənfi təsir göstərəcəyi ilə bağlı narahatlıqlar neftin qiymətini artırıb.
İranın İsrailə hücumda HƏMAS-a dəstək verməsi, ittihamların doğru olub-olmaması, Qərb dövlətlərinin İrana qarşı atacağı addımlar neftin qiymətinin istiqamətini müəyyən edəcək.
Bu səhər ICE birjasında Brent markalı neftin barel qiyməti 89 dollara qalxıb. Dekabr çatdırılması üzrə Brent markalı neft hazırda 3,68 faiz artımla 87,69 dollara satılır.
NYMEX birjasında Qərbi Texas neftinin barel qiyməti 3,96 faiz artaraq 86,07 dollar olub.
ANZ Bankın analitikləri investor qeydlərində qeyd ediblər: “Yaxın Şərqdə artan geosiyasi risk neft qiymətlərini dəstəkləyə bilər, daha yüksək volatillik gözlənilə bilər”.