Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən "Kommersant"a verilən məlumata görə, Tovuzda yerləşən dövlət əmlakı rəqabətli mühit yaradıb. Belə ki, Sabir küçəsində yerləşən, ümumi faydalı sahəsi 103 kv.m olan obyektə 2 sifariş qəbul olunmuşdu. İştirakçılar arasındakı rəqabət ilkin hərrac qiyməti 10 min manat təyin olunan obyektin 12 min manata satışını mümkün edib.
Hərracda 7-si kiçik dövlət müəssisəsi, 6-sı isə qeyri yaşayış sahəsi olmaqla 13 dövlət əmlakı özəlləşdirilib. Qeyd edək ki, bu əmlaklara verilmiş 14 sifarişdən 1-i elektron formada qəbul edilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 5-i Bakıda, digərləri isə Füzuli və Sabirabadda yerləşir. Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 303 saylı mağazanın ümumi faydalı sahəsi 19.7 kv.m-dir. Adı çəkilən dövlət əmlakı sifarişçi tərəfindən 1750 manat ödənilməklə özəlləşdirildi. Digər bir hərrac iştirakçısı isə 12 min 500 manat ödəyərək ümumi faydalı sahəsi 249 kv.m olan Sabirabad şəhəri, Nəsimi küçəsində yerləşən obyektə sahib oldu.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Səbail, Nizami, Xətai və Suraxanı rayonlarındadır. Lənkəran şəhəri, Xarxatan kəndində yerləşən ümumi faydalı sahəsi 38.5 kv.m olan obyekt üçün vətəndaş 2 min manat ödədi.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 24 iyulda baş tutacaq. Budəfəki hərraca investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.