USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari ilin birinci yarımilində 37,6 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib

18.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37 min 613 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3 min 959 nəfər və ya 11,8 faiz çoxdur.

Nazirliyin mətbuat xidmətindən "Kommersant"a bildirilib ki, bu dövrdə xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1501 nəfər üçün xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərə cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.
Hesabat dövründə xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin dörd ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə "Karyerada ilk addım" devizi ilə aktiv tədbirlər təşkil olunub.