USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple-ın gəlirləri azalmaqda davam edir

03.11.2023 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın iyul-sentyabr dövründəki gəliri illik bazda təxminən yüzdə 1 azalaraq 89,5 milyard dollara düşüb. Bu dövrdə Apple-ın smartfon satışları artarkən, planşet və kompüter satışları azalıb.

Apple iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb. Apple tərəfindən edilən açıqlamaya görə, balansında iyul-sentyabr dövrünü dördüncü rüb olaraq görən şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 1 azalaraq 89,5 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 90,2 milyard dollar gəlir əldə edib.

Beləliklə, şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalıb. Bu dövrdə yaşanan azalmaya baxmayaraq, bazar gözləntilərinin üzərində olan şirkətin gəlirinin 89,3 milyard dollar olacağı gözlənilirdi. Apple-ın xalis mənfəəti iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrünə görə yüzdə 10,8 artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub. Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,29 dollardan 1,46 dollara yüksəlib.

iPhone satışları artıb, iPad və Mac satışları azalıb. Bu dövrdə Apple-ın smartfon satışları artarkən, planşet və kompüter satışları azalıb. İyul-sentyabr dövründə iPhone satışlarının məbləği keçən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artaraq 43,8 milyard dollara çatıb. Eyni dövrdə Mac satışları 33,8 faiz azalaraq 7,6 milyard dollara, iPad satışları isə 10,2 faiz azalaraq 6,4 milyard dollara düşüb.