USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vətəndaşlar dövlətə elektrik enerjisi satacaq - ARAŞDIRMA

19.07.2018 İqtisadiyyat
0 0
Vətəndaşın təşəbbüsü ələ alması üçün hökumət tərəfindən müəyyən təşviq proqramlarının qəbuluna ehtiyac var.

"Azərbaycanın günəş enerjisinin potensial gücü 32 min meqavat, külək enerjisinin potensial gücü isə 3 000 meqavat təşkil edir".

"Kommersant"ın məlumatına görə, bunu Bakı Yay Enerji Məktəbində çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, Azərbaycan böyük alternativ enerji potensialına malik olsa da, bu spesifik sahəni inkişaf etdirmək bir qədər çətindir: "Bunun üçün 3 vacib komponent olmalıdır: qanunvericilik, texniki dəstək, maliyyə dəstəyi komponenti".

"Azərbaycanda alternativ enerjidən istifadə aşağı səviyyədədir".

"Kommersant" xəbər verir ki, bunu portalımıza açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ölkədə avadanlıqlar bahadır, bu sahə ilə məşğul olan şirkətlərin sayı isə azdır:

"Alternativ və Bərpa Olunan Enerji Mənbələri sahəsində əsas oyunçu dövlətdir (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi). Bu da rəqabətli mühiti zəiflədir. Gömrük rüsumları aradan götürülməlidir. Vergi dərəcələri aşağı salınmalıdır ki, kommersiya təşkilatları (əsasən də xarici şirkətlər) ölkəyə sərmayə yatırsınlar".

Ekspert vurğulayıb ki, vətəndaşın təşəbbüsü ələ alması üçün hökumət tərəfindən müəyyən təşviq proqramlarının qəbuluna ehtiyac var:

"Ölkə külək və günəş enerjisindən istifadə etmək üçün əlverişli təbii şəraitə malikdir. Elə təşviq proqramları qəbul edilməlidir ki, vətəndaş öz evində, təsərrüfatında alternativ enerjidən istifadə etmək üçün müəyyən addımlar atsın. Məsələn, Türkiyə, Yunanıstan, Almaniya kimi ölkələrdə dövlət faizsiz və uzunmüddətli kredit şəklində yatırım edir, vətəndaşlar damın, yaxud da yaşayış mənzilinin örtüyünü günəş panelləri ilə təmin edirlər. Bu yolla vətəndaş enerji təminatını ödəyir, artıq qalan elektrik enerjisini isə dövlətə satır. Sonradan uzunmüddətli və faizsiz krediti çox az ödənişlərlə dövlətə qaytara bilir".

ABOEM-İN ÖLKƏ ÜZRƏ İQTİSADİ GÜC POTENSİALI 5540 MVt-DUR

"Kommersant"ın rəsmi sorğusuna cavab olaraq Energetika Nazirliyi tərəfindən bildiriblər ki, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin tam şaxələndirilmiş və ekoloji baxımdan təmiz elektrik enerjisi istehsalının təmin edilməsi strateji hədəflərdən biridir:

"Alternativ və bərpa olunan enerji mənbələri üzrə ölkənin iqtisadi güc potensialı ümumilikdə 5540 MVt qiymətləndirilir. Günəş enerjisinin iqtisadi güc potensialı isə 1600 MVt-dır. "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik, istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"ndə ABOEM (Alternativ və Bərpa Olunan Enerji Mənbələri) üzrə 420 MVt (350 MVt külək, 50 MVt günəş və 20 MVt bioenerji mənbələri üzrə) generasiya güclərinin yaradılması nəzərdə tutulur".

Nazirlikdən qeyd ediblər ki, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində inkişafın təmin edilməsi məqsədi ilə mövcud vəziyyətin dərindən təhlil edilməsi qarşıda duran əsas vəzifələrdəndir:

"Bu sahənin inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, enerji istehsalçıları üçün şəbəkəyə qoşulma şərtlərinin və qaydalarının dəqiqləşdirilməsi və dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi zəruridir. Bundan başqa bərpa olunan enerji mənbələri ilə bağlı yeni qaydaların layihəsi hazırlanıb və müzakirə mərhələsindədir".

DÜNYACA MƏŞHUR ŞİRKƏTLƏRLƏ ANLAŞMA ƏLDƏ OLUNUB

Vurğulanıb ki, həmin işlər aparılacağı təqdirdə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadəsi sahəsində investorlar üçün əlverişli olan investisiya mühiti yaradılacaq və bu da öz növbəsində dövlətə vergilər və qənaət olunacaq qaz resurslarının ixracının artırılması hesabına əlavə gəlirlər əldə etməyə imkan yaradacaq:

"Bərpa olunan enerji mənbələrindən istifadə sahəsinin inkişafı və xarici şirkətlərin iştirakının təmin edilməsi üzrə tədbirlər mütəmadi olaraq həyata keçirilir. "Hyundai" (Koreya), "SiemensGamesa" (Almaniya-İspaniya), "Ballast Nedam"(Niderland), "Equinor" (Norveç), "Total" (Fransa), "Atkins" (Böyük Britaniya), CPECC (Çin), " Mitsui" (Yaponiya), "Renova- Hevel Solar" (Rusiya), "Masdar" (BƏƏ), "Nebras"(Qətər) və bu sahədə ixtisaslaşmış digər yüksək beynəlxalq təcrübəyə malik şirkətlərlə məsləhətləşmələr aparılır. Bu yaxınlarda "Tekfen İnşaat" ilə Energetika Naizrliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Asiya İnkişaf Bankının dəstəyi ilə, üzən günəş panelləri sistemi ilə bağlı pilot layihənin də həyata keçirilməsi planlaşdırılır. "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihə çərçivəsində Böyükşor gölündə hər biri 100 kVt-a qədər gücə malik olacaq 3 ədəd fotovoltaik sistemin quraşdırılması, həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədi ilə biznes modellərin formalaşdırılması, bu sahədə milli potensialın gücləndirilməsi, eləcə də müasir norma və prinsiplərin tətbiq edilməsi nəzərdə tutulur".

AZƏRBAYCANDA GÜNƏŞ PANELLƏRİ İSTEHSAL OLUNUR

Nazirlikdən, eyni zamanda bildiriblər ki, Azərbaycanda günəş panelləri "Azgüntex" zavodunda istehsal olunur:

"Panelin gücü 230-250 Vt arasında dəyişir. Hər bir lövhədən sutka ərzində 0,25 x 24 x 0,15 = 0,96 kVt həcmində elektrik enerjisi əldə edilə bilər. Dövlət Agentliyi tərəfindən istismar edilən stansiyalarda bu zavodda istehsal edilmiş panellər quraşdırlıb (Qobustan GES, Samux GES, Suraxanı GES, Sumqayıt GES, Pirallahı GES, Sahil GES).

Naxçıvan Muxtar Respublikasında İstismar edilən 22 MVt-lıq günəş elektrik stansiyasında tikinti-quraşdırma işləri xarici şirkətlər (20 MVt üçün Belçika Krallığının "Soltech" şirkəti və 2 MVt üçün İsveçrənin "Pure Energy Development" SARL Şirkəti) tərəfindən aparılır. Quraşdırılan panellər xarici ölkədə istehsal olunub".