USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə əsas faiz dərəcəsi ardıcıl səkkizinci dəfə qaldırılıb

25.01.2024 İqtisadiyyat
0 0
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 45 faizə qaldırıb.

Türkiyə Mərkəzi Bankı ardıcıl səkkizinci dəfə əsas faiz dərəcəsini artırıb. Tənzimləyicinin mətbuat xidməti bu rəqəmin 42,5 faizdən 45 faizə yüksəldiyini bildirir.

“Daxili tələbatın hazırkı səviyyəsi, xidmət sektorunda inflyasiyanın qeyri-sabitliyi və geosiyasi risklər inflyasiya təzyiqini eyni səviyyədə saxlayır. Xarici maliyyələşdirmə şərtləri, valyuta ehtiyatlarının gücləndirilməsi, cari əməliyyatlar balansının bərpası və türk lirəsi ilə ifadə olunan aktivlərə tələbat məzənnə sabitliyinə və pul siyasətinin effektivliyinə töhfə verməkdə davam edir”, - deyə Mərkəzi Bank rəsmiləri bildirib.

Tənzimləyici əlavə edib ki, 45 faizlik əsas dərəcə qiymət artımında əhəmiyyətli yavaşlama baş verənə və inflyasiya gözləntiləri proqnoz aralığına yaxınlaşana qədər saxlanılacaq. Eyni zamanda, komitə “gözə çarpan və davamlı risklər” yaranarsa, göstəricinin daha da yüksəlməsinin mümkünlüyünü istisna etməyib.