USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Rusiyaya qarşı sanksiyaları daha 6 ay uzadıb

29.01.2024 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatdığını açıqlayıb.

Aİ Şurası Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin iyulun 31-dək uzadıldığını açıqlayıb.

Bəyanatda Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra Aİ sanksiyalarının əhəmiyyətli dərəcədə genişləndirildiyi xatırladılıb.

Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketini həyata keçirib. Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar da daxil olmaqla geniş sahələri əhatə edir.

Sanksiyalar arasında Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması daxildir.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır. Rusiya 2014-cü il martın 18-də Krım Muxtar Respublikası və Sevastopol şəhərini qanunsuz olaraq ilhaq edib. Aİ ilk dəfə 2014-cü ildə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etmək qərarına gəlib.