Küçələrə vurulan icazəsiz reklamların əsasən hansı sahələr üzrə (tibb, biznes, restoran və s.) olması hələ ki, dəqiqləşdirilməyib.
Paytaxtın müxtəlif yerlərində kortəbii yapışdırılmış reklamları görmək mümkündür.
"Kommersant" xəbər verir ki, qanunsuz şəkildə yapışdırılan reklamlar yerləşdiyi ərazinin estetik görünüşünə xələl gətirməklə yanaşı, müşahidə kameraları üçün məhdudiyyətlər, yol hərəkəti iştirakçıları üçün isə təhlükə yaradır.
Dövlət Reklam Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri "Kommersant"a açıqlamasında bildirib ki, belə hallarla mübarizə aparılır:
"Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcıları maarifləndirilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Bu ilin 6 ayı ərzində ümumilikdə 2000 reklam yayımı dayandırılıb".
Qurum rəsmisi qeyd edib ki, Agentliyin "Çağrı mərkəzi"nə gün ərzində çox sayda müxtəlif xarakterli müraciətlər daxil olur. Onlar arasında sahibkarlar tərəfindən açıq məkanda reklam yerləşdirilməsinə icazə proseduru barədə bilgilər əldə etmək istəyənlərin sayı çoxluq təşkil edir:
"Agentlik tərəfindən aparılan monitorinqlər göstərir ki, açıq məkanda icazə sənədləri olmadan yayımlanan reklamlar bəzi hallarda təhlükəsiz istismar üçün yararlı olmur. Belə halların qarşısının alınması üçün müvafiq addımlar atılır, sahibkarların maarifləndirilməsi prosesi həyata keçirilir".
H.Azəri eyni zamanda vurğulayıb ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir:
"Sistemin Agentliyin saytı ilə birlikdə sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulur".
Agentliyin sözçüsü bildirib ki, küçələrə vurulan icazəsiz reklamların, əsasən, hansı sahələr üzrə (tibb, biznes, restoran və s.) olması isə hələ ki, dəqiqləşdirilməyib:
"Qeydiyyata alınma prosesi hələ gedir. Gələcəkdə həmin sahələrin statistikası aparıla bilər".