USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 52 mln. manatlıq məhsullar tədarük edib

20.07.2018 İqtisadiyyat
0 0
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilin ilk altı ayı ərzində dövlət büdcəsindən maliyyələşən 850 müəssisə və təşkilatla satınalma müqaviləsi imzalayıb.

ASC-dən "Kommersant"a daxil olmuş məlumata görə, həmin müqavilələrə əsasən, müəyyənləşdirilən tələbatlar "tedaruk.az" portalına yerləşdirilib və 173 məhsul növü üzrə 286 istehsalçı və satıcıdan onlayn rejimdə təkliflər qəbul edilib.

Həmin təkliflər üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra 241 istehsalçı və satıcı ilə müqavilə imzalanıb. Nəticədə, 2018-ci ilin 6 ayı ərzində bu istehsalçı və satıcılardan 28 min ton, dəyəri 52 milyon manat olan kənd təsərrüfatı və ərzaq məhsulları tədarük olunaraq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına məxsus 1934 təchizetmə nöqtəsinə çatdırılıb.

Daxili bazarda bu müddət ərzində - 20 348 kq tərəvəz, 3248 kq meyvə-giləmeyvə, 1636 kq bostan, 4179 kq dənli - paxlalı məhsullar satılıb.

Daxili bazar üçün kartof, soğan, bibər, badımcan, yerkökü, kələm, lobya, qarğıdalı, sarımsaq, alma, armud, alça, gavalı, gilas, çiyələk, qarpız, yemiş və s. kimi məhsullar istehsalçılardan tarlabaşında tədarük edilərək Sumqayıt və Xırdalan şəhərlərində, eləcədə, Əhmədli, Masazır qəsəbələrində, "Yaşıl bazar"da satışı həyata keçirilib.

Qeyd olunan müddət ərzində 3 000 ton, dəyəri 4 milyon manat olan kənd təsərrüfatı məhsulları ixrac edilib. İxracın strukturunda fındıq qabığı, alma, xurma, balqabaq, göyərti, kartof və pomidor məhsulları üstünlük təşkil edib. Məhsullar Rusiya bazarlarına ixrac olunub.

Səhmdar Cəmiyyət tərəfindən tədarük-təchizat sisteminin genişləndirilməsi üçün əlavə tədbirlər həyata keçirilir.