Bu il SKMF turizm sektoruna 10 milyon manat kredit ayıracaq
"Kommersant" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, "Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin yaradılması haqqında" Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci il 6 fevral tarixli qərarı ilə Nazirliyin tabeliyində "Milli Turizm Təbliğat Bürosu" publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq olunub, "www.azerbaijan.travel" portalı müasir yeniliklər nəzərə alınmaqla tamamilə yenidən qurulub və istifadəçilərin xidmətinə verilib.
"2017-ci ilin 10 aprel – 10 may və 15 oktyabr – 15 noyabr tarixlərində Bakı ticarət festivalları keçirilib. Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu turizm sektoruna 2017-ci il üçün 2 milyon manat ayırıb, 2018-ci il üçün isə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Yerli icra hakimiyyəti orqanlarının, müvəkkil kredit təşkilatlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə regionlarda və Bakı şəhərində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair" 40 işgüzar forum keçirilib və bu forumlarda 3800 sahibkar iştirak edib", - deyə məlumatda vurğulanıb.
Sənəddə bildirilib ki, viza prosedurları barədə məlumatlar Xarici İşlər Nazirliyinin və səfirliklərin saytlarında yerləşdirilib, elektron viza və "ASAN Viza" sistemi barədə məlumatlar turizm şirkətlərinə bildirilib: "Elektron viza verilməsinin yeni qaydaları və "ASAN Viza" sisteminin yaradılması haqqında məlumatlar "www.mct.gov.az" və "azerbaijan.travel" saytlarında yerləşdirilib. Elektron vizanın verilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində 2017-ci ilin aprel və may aylarında "ASAN Viza" sisteminə daha 13 dövlət əlavə edilib. Hazırda "ASAN Viza" portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 94-ə çatıb. 2017-ci ildə "ASAN Viza" sistemində təkmilləşdirmə işləri aparılaraq, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanı sürətləndirilmiş qaydada alması ilə bağlı müraciətlərinə "ASAN Viza" sistemi vasitəsilə 3 saat ərzində baxılma təmin edilib. Azərbaycan Konqreslər Bürosu "ATM Dubai 2017" sərgisində iştirak edərək, ölkənin Görüşlər Sənayesini və Bakı Ticarət Festivalını Yaxın Şərq Bazarında təbliğ edib. Sərgi zamanı Yaxın Şərq bazarından (Hindistan, Pakistan daxil olmaqla) daha çox turist axınını təmin etmək üçün (Bakı Ticarət Festivalı zamanı və ya iş görüşməsi məqsədilə gələn qruplar), həmin bazarların peşəkarları ilə 50-dən artıq görüş keçirilib, yeni əlaqələr qurulub. Sərhəd buraxılış məntəqələrində xidmət aparan hərbi qulluqçulara müştəri məmnunluğu və xarici dil sahəsində biliklərinin artırılması üzrə 6 təlim keçirilib. Regional mədəniyyət və turizm idarələrinin işçiləri üçün "Turizm sahəsində idarəetmə" və "Turizm sahəsinin marketinqi" mövzuları üzrə treninqlər təşkil olunub. "GOPA Consultants" və "SEFT Consulting" turizmlə bağlı nümunəvi peşə standartları, peşə standartı üzrə qiymətləndirmə nümunələri və müəssisələr üçün nümunəvi təlim standartları hazırlayıblar. "Rekreasiya turizmi. Çimərliklərin idarə edilməsinə dair tələblər və tövsiyələr" standartının, "Turizm və ekskursiya xidmətləri. Halal idarəetmə sistemimehmanxanalar" standartının və "Kənd yerlərində yerləşdirmə vasitəsi. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi" standartının layihəsi hazırlanıb. Turizm bələdçiləri tərəfindən şimal-qərb turizm marşrutu haqqında məlumatın verilməsi üzrə vahid metodiki vəsaitin layihəsinə dair təkliflər toplanıb. Beynəlxalq təcrübə nəzərə alınaraq, "Turizm firmalarında çalışan işçilərin etik kodeksi", "Mehmanxana işçilərinin etik kodeksi", "İctimai iaşə/restoran işçilərinin etik kodeksi", "Muzey işçilərinin etik kodeksi" və s. metodiki vasitələr hazırlanıb".