USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Vergi Xidməti sahibkarlığı belə - "QƏTL EDİR"

18.03.2024 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kiçik sahibkarlığı məhv edir. Sözügedən xidmət ölkə ərazisində yeni fəaliyyətə başlamış kiçik sahibkarlıq subyektlərini yüksək məbləğdə cərimələr tətbiq etməklə inkişafına mane olur və ya sahibkarlığın ləğv olunması üçün şərait yaradır.

Kommersant.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin əməkdaşları yeni fəaliyyətə başlamış iaşə obyektlərini yüksək məbləğdə cərimələyir. Hazırki Vergi Xidmətinin əməkdaşları 2000-ci illərin yol polisləri kimi sanki "kol dibində gizlənərək" cərimə metodlarını tətbiq etməklə kiçik sahibkarlığı məhv edir. Maarifləndirmə və ya məlumatlandırma xarakterli bildiriş olmadan yeni fəaliyyətə başlamış obyektlərin cərimələnməsini buna sübut kimi göstərmək mümkündür.

Belə ki, Bakı şəhəri, Xətai rayonu, General Əliağa Şıxlinski 145 ünvanında yerləşən “Ab-Hava Greentone” restoranında 2 aylıq fəaliyyəti ərzində 3 dəfə qərarlı yoxlama aparılıb. Sahibkara yoxlama tətbiq olunan zaman müfəttişlər restoranda yemək yedikdən sonra vəsiqələrini göstərib, əllərində olan yoxlama qərarını təqdim edərək araşdırmalara başlayıb. Vergi çekində yoxlanışda problem çıxmayıb. “R-Keeper” və kassa arasında inteqrasiyanın yoxlanılmasında da nöqsan aşkar edilməyib. İşçilərin qeydiyyatını yoxlayıb yenə də nəticə ala bilməyən müfəttişlər “rəisin tapşırığıdır, yazılmalıdır” deyib 8 min manatlıq cərimə tətbiq ediblər.

Çünki, sözügedən ünvandakı “Ab-Hava” restoranı 1 saatlıq çıxış edən musiqiçiləri obyektin işçisi kimi qiymətləndirib və hər birini 2 min manat dəyərində olmaqla sahibkara 8 min manat cərimə tətbiq edib. Sahibkar bildirib ki, musiqiçilər 1 saatlıq fəaliyyət göstərir və restoranın əməkdaşları deyil. Bundan sonra vergi müfəttişləri musiqiçilərin sabit qəbz əsasında fəaliyyət göstərməli olduqlarını bildirərək cəriməni tətbiq edib. Bu, qanunvericiliyə uyğun ola bilər, amma 2 aylıq iaşə obyektini 8 min manat cərimələmək o restoranın birbaşa fəaliyyətini dayandırmağına xidmət edir.

Əvvəlcədən bildiriş, xəbərdarlıq, maarifləndirici söhbət, məlumatladırıcı məktub olmadan sabit qəbzdən xəbərsiz olan sahibkarı cərimələmək kiçik sahibkarlığı “qətl” edir. Daha sonra 2 dəfə də müfəttiş təyin olunub və yekunda restorana gələn 3-cü vergi işçiləri sahibkara məlumatlandırıcı bildiriş təqdim edib. Bildirişə imza atan sahibkara isə “sən imzanı at, amma tarix yerini boş qoy, tarixi biz özümüz idarədə yazacağıq” deyiblər. Sahibkar isə ehtimal edib ki, tarix cərimə günündən əvvələ yazılacaq və ona görə də imtina edərək faktiki tarixi bildirişə qeyd edib.

Dövlət Vergi Xidmətinin gözüyumulu qanunu tətbiq etməsi Azərbaycan iqtisadiyyatına birbaşa zərər vurur. Onu da nəzərinizə çatdıraq ki, sözügedən xidmət elə İqtisadiyyat nazirliyinin tərkibindədir.

VERGİ YIĞIMLARINI CƏRİMƏLƏR TƏŞKİL EDİR

2023-cü ildə dövlət büdcəsinin gəlirləri 35 milyard 578 milyon manat təşkil edib. Bu daxil olmanın 4.7 faiz və ya 1 milyard 660 milyon manatı fiziki şəxslərin gəlir vergisi, 22.5 faiz və ya 8 milyard 24 milyon manatı hüquqi şəxslərin mənfəət vergisi olub. Ən əsası isə daxil olmanın 38 faiz və ya 13 milyard 514 milyon manatı vergi olmayan gəlirlərin payına düşüb. Yəni, Dövlət Vergi Xidməti topladığı yığımların 3/1 hissəsindən bir az artığını cərimələr hesabına əldə edir. Bu da maariflənmə və məlumatlandırma olmadığı üçün sahibkarların qanunu bilməməsindən və ya xəbərsiz olmasından yararlanmaqdır. Əgər sözügedən xidmət sahibkarları könüllü vergiyə cəlb edərsə, əmin ola bilərik ki, yığılan 3/1 hissə kəskin şəkildə azalacaq və məcburiyyət qarşısında qalaraq obyektini bağlayan, sahibkarlığa küsən və bu kimi hallarla qarşılaşmaq istəməyən sahibkarlar yenidən ölkə iqtisadiyyatına qatqıda olacaqlar. Yekunda sabit qəbz əsasında fəaliyyət göstərən şəxslərin qeydiyyatı bərpa olunacaq könüllü vergi daxilolmaları da artacaq. Bunun nəticəsidir ki, 2023-cü ildə işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma 50,8 faiz, qanunsuz sahibkarlıq isə 66,7 faiz artıb.

Bunun çıxış yolu “kol dibində gizlənərək” cərimə yazmaq əvəzinə maarifləndirmək və ya məlumatlandırmaqdır.

ÇIXIŞ YOLU TAPMAYAN MİKAYIL CABBAROV SAHİBKARI QABAĞA VERİB

Sabit qəbz o zaman qüvvəyə mindi ki, Dövlət Vergi Xidməti günəmuzd işləyən şəxslərlə başa çıxa bilmədi. Onları vergiyə cəlb etməyin yollarını axtaran xidmət könüllü sabit qəbz əsasında fəaliyyətə başladı. Bu da effekt vermədi. Çünki, vergi müfəttişləri o şəxsləri tuta bilmir və hər an yer dəyişdikləri üçün onları vergiyə cəlb edə bilmirdi. Daha sonra isə günəmuzd şəxslərlə başa çıxa bilməyən nazirlik çıxış yolunu sahibkarda olduğunu “kəşf” etdi. Belə ki, “dövlət qurumu, nazirlik, nazir olaraq biz bacara bilmədik, sahibkar bacaracaq” prinsipi ortaya atıldı. Bununla da sahibkarların kütləvi cərimələnməsinə “start” verildi.

Bu və bu kimi hallar ölkə iqtisadiyyatına zərər vurur. Dərhal çıxış yolu tapılmayacağı halda isə iş yerlərinin bağlanması artacaq. Belə ki, 2023-cü il ərzində ölkədə 14 min 900 iş yeri bağlanıb. Bunun da 52.6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar olub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədov telefon və rəsmi məktublara cavab vermədiyi üçün yazını birtərəfli yazmağa məcbur olduq. Bu da öz növbəsində Dövlət Vergi Xidmətinin maarifləndirmə mövzusunda nə qədər passiv olduğunu sübut edir. Qurumun mətbuat katibi mətbuata açıq adam deyilsə, o zaman demək olar ki, bu qurum məlumatlandırma və ya maarifləndirmə mövzusunda fəaliyyət göstərmir.