İlin I yarısında Azərbaycanda 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib
Bu barədə "Kommersant"a komitənin mətbuat xidmətindən məlumat verilib.
Müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki,müasir texniki imkanların tətbiqi ilə bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiya olunması, özəlləşdirmənin tam elektronlaşdırılması qarşıya qoyulmuş hədəfləri reallaşdırır.
Qeyd edilib ki, vətəndaşların daha sadə formada istifadə etmələri üçün göstərilən elektron xidmətlərin sayı 38-ə çatıb. Elektron çıxarış, Elektron hərrac, "Əks zəng", "Əmlakın qeydiyyatı kalkulyatoru" kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətinə endirilib. Özəlləşmə prosesində yeni mərhələ olan "Elektron hərrac" sistemi dövlət əmlaklarının elektron mühitdə, şəffaf formada özəlləşdirilməsi imkanlarını genişləndirir. İstifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq artıq 30-a yaxın şəxs hərraclara onlayn qaydada qoşularaq, özəlləşmədə iştirak edib. Cari ilin ilk altı ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 100-dən artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır.
Ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri ilə bağlı ictimai təqdimatlar keçirilib və bu məlumatlar elektron şəkildə yerli icra hakimiyyətinin, aidiyyəti qurumların xidməti istifadəsinə təqdim edilib.
Bildirilib ki, torpaqların idarə edilməsində xüsusi əhəmiyyətə malik olan, onların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını aşkar etməyə imkan verəcək Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır.
Bu ilin ilk iki rübü ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaq bazarının təşkili, əsassız zəbt olunması və bir sıra istiqamətlərdə nəzarət tədbirləri davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 340 hal üzrə inzibati protokol tərtib olunub.
2018-ci ilin birinci yarısında ölkə üzrə 100 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Cari ilin ilk 6 ayında sosial layihə olan "Kütləvi çıxarış" kampaniyası vasitəsilə 15-ə yaxın rayonda vətəndaşlara ünvanındaca qeydiyyat xidmətləri göstərilib.
Qeyd olunub ki, komitə elektron hərracların təşkili, dövlət əmlakının idarəedilməsi, kadastr ilə bağlı xarici ölkələrlə yeni əməkdaşlığa imza atır.
Müşavirənin sonunda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tiklilərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlarını verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.