USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Latviya Azərbaycan iqtisadiyyatına 84 mln. dollar həcmində sərmayə qoyub

23.07.2018 İqtisadiyyat
0 0
Bu gün Latviyanın paytaxtı Riqada Azərbaycan Ticarət Evi açılıb.


İqtisadiyyat Nazirliyindən "Kommersant"a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığının icrası olaraq yaradılmış Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendinin Latviya bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Latviyada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə Azərbaycan şirkətlərinin istehsal etdiyi 70 çeşidə yaxın şərab məhsulları, 26 çeşiddə konyak, 10 çeşiddə araq, 26 çeşiddə çay, 23 çeşiddə meyvə şirələri və kompotlar, 70 çeşiddən çox digər məhsullar, o cümlədən bitki yağları, zeytun, fındıq, düyü, meyvə-tərəvəz, tekstil və kosmetik məhsullar, sənaye malları, turizm xidmətləri nümayiş olunur.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Latviyada Azərbaycan Ticarət Evinin açılmasının dövlət başçılarının ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verdikləri böyük önəmin, Latviyada Azərbaycan məhsullarına olan marağın göstəricisi olduğunu vurğulayıb. Qeyd olunub ki, qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Latviya əlaqələri uğurla inkişaf edir: "Latviyada Azərbaycan Ticarət Evinin açılması iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcək".

Azərbaycanın Latviya ilə investisiya əməkdaşlığından danışan Sahib Məmmədov qeyd edib ki, Azərbaycan tərəfdən Latviyaya 164 mln. dollar, Latviya tərəfindən Azərbaycan iqtisadiyyatına 84 mln. dollar həcmində sərmayə qoyulub. Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahələrində 40 Latviya şirkəti fəaliyyət göstərir.

Latviyanın Azərbaycan-Latviya hökumətlərarası komissiyanın həmsədri, Latviyanın nəqliyyat naziri Uldis Auqulis Riqada Azərbaycan Ticarət Evinin fəaliyyətə başlamasının ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm addım olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və işgüzar münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Arvils Aşeradens Latviya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini diqqətə çatdırıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb.

Tədbir çərçivəsində Azərbaycanın iki şirkəti ilə Latviya şirkətləri arasında Azərbaycan istehsalı olan məhsulların Latviyaya ixracına dair anlaşma memorandumları imzalanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Latviya Baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradens ilə görüşüb, ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti, perspektiv əməkdaşlıq imkanları barədə müzakirələr aparıb.