Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Avropaya 4,2 milyard kubmetr qaz ixrac olunub.
Kommersant.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, bu aylar ərzində Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac olunub.
Bu ilin 4 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,7 faiz çoxdur.
Nazir əlavə edib ki, bu dövrdə 500 mln.m3 artımla hasil edilmiş 16,7 mlrd.m3 qazın 8,5 mlrd.m3-i ixrac olunub.
Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə başlayıb. Dəhlizin Avropa hissəsinin (TAP) ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir.
2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında bu infrastrukturun gücünün 2027-ci ilə qədər ildə 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb.