USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DTX-nin Heydər Əliyev adına Akademiyasının buraxılışına həsr olunmuş mərasim keçirilib

24.07.2018 İqtisadiyyat
0 0
İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

DTX-nin ictimai əlaqələr şöbəsindən "Kommersant"a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar.
Sonra Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin adından buraxılış münasibətilə Akademiyanın şəxsi heyətini təbrik edərək xidmətdə uğurlar arzulayıb. O, ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali tədris ocağını bitirmiş gənc zabitlərin əldə etdikləri xüsusi bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Ali Baş Komandanın sədaqətli və etibarlı əsgərləri olacaqlarına əminliyini bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə gələcək məsuliyyətli və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
General-leytenant Mədət Quliyev məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini vicdanla yerinə yetirmələrinin ümummilli lider Heydər Əliyevin vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik maraqlarının qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.
Xidmət rəisi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində həyata keçirilən uzaqgörən və uğurlu siyasət sayəsində Azərbaycan böyük nüfuz qazanaraq gündən-günə qüdrətlənir. Ancaq dövlətimizin bu inkişafını gözü götürməyən müəyyən qüvvələr tərəfindən bəzən ölkədə ictimai-siyasi sabitliyi və təhlükəsizliyi pozmağa uğursuz və cılız cəhdlər göstərilir. Lakin bunun qarşısı Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi və müdrik rəhbərliyi ilə hüquq mühafizə orqanlarının yüksək əlaqələndirilmə şəraitində operativ müdaxiləsi nəticəsində çevik və peşəkarlıqla alınır.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi bildirib ki, ötən günlərdə ölkəmizdə sabitliyin və təhlükəsizliyin əleyhinə yönəlmiş, dövlət hakimiyyət nümayəndəsinə və hüquq mühafizə orqanları əməkdaşlarına qarşı törədilmiş namərd terror aktları və digər hüquqazidd əməllərin dərhal xalqımızda hədsiz hiddət doğuraraq qətiyyətlə pislənilməsi, xainlərin sərt cəzalandırılmasına dair haqlı ictimai tələb, eyni zamanda, düşmənlərə xalq-dövlət həmrəyliyinin, vətəndaş-iqtidar birliyinin sarsılmazlığını bir daha bariz nümayiş etdirib.
General-leytenant Mədət Quliyev qlobal və regional xarakterli təhdidlərin artdığı şəraitdə təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daim yüksək savad, peşəkarlıq, əməliyyat-döyüş hazırlığı, tapşırıqların icrasında çeviklik və səriştə tələb olunduğunu bir daha diqqətə çatdıraraq deyib: "Ümid edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən gənc zabitlərimiz burada qazanılan xüsusi biliklər sayəsində Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam etdirəcəklər".
DTX rəisi Mədət Quliyev əminliklə bildirib ki, Xidmətin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.
Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov və general-leytenant Mədət Quliyev Akademiyanı fərqlənmə ilə bitirən gənc zabitlərə diplomları təqdim ediblər.
Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi marşla tribunanın önündən keçiblər.
Ulu Öndərin abidəsi önündə xatirə şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov və general-leytenant Mədət Quliyev məzunların valideynləri ilə görüşüblər.
Valideynlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandana minnətdarlıqlarını bildirib, övladlarının Vətənin təhlükəsizliyinin etibarlı müdafiəçiləri sırasında xidmətə başlamalarından qürur duyduqlarını qeyd ediblər.

  • Əvvəlki

    Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0