Bakıda Kolumbiyanın milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
"Kommersant"ın "Report"a istinadən məlumatına görə, qəbulda əvvəlcə Azərbaycanın və Kolumbiyanın dövlət himnləri səsləndirilib.
Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qallindo bildirib ki, bu il ölkəsi üçün xüsusi əhəmiyyət kəsb edir, çünki uzun müddətdən sonra ölkədə hökumətlə Kolumbiya İnqilabçı Silahlı Qüvvələri qruplaşması arasında sülh sazişi bağlanıb: "Azərbaycan bu prosesdə bizim yanımızda olub. Son iki il ərzində əlaqələrimiz konkret nəticələr verib, bu da bizi məmnun edir".
M.Qalindo deyib ki, Azərbaycan Kolumbiyaya 1200 nar ağacı hədiyyə edib və onlar ölkənin Kauka dərəsində əkilib. Onun sözlərinə görə, bu, iki ölkə arasında olan yüksək əlaqələrin bir rəmzidir.
Azərbaycan tərəfindən çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn Kolumbiya xalqını və müvəqqəti işlər vəkilini Müstəqillik Günü münasibətilə təbrik edib. O vurğulayıb ki, son illər Azərbaycan və Kolumbiya arasında parlamentlərarası, mədəni, kənd təsərrüfatı, kommersiya sahələrində əlaqələr inkişaf edib.
A.Hüseyn bildirib ki, Azərbaycan Kolumbiya parlamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri yüksək qiymətləndirir. XİN təmsilçisi söyləyib ki, Azərbaycan Latın Amerika ölkələri ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. O, Kolumbiyaya sülh və əmin-amanlıq şəraitdə yaşamağa arzu edib.