USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nvidia, Microsoft və OpenAI ilə bağlı antiinhisar araşdırması

07.06.2024 İqtisadiyyat
0 0
ABŞ-da inhisarçılığın qarşısını almaq üçün Nvidia, Microsoft və OpenAI şirkətlərinə qarşı rəqabət araşdırması aparılır. Ədliyyə Departamenti Nvidia-nı araşdırarkən, Federal Ticarət Komissiyası da Microsoft və OpenAI arasındakı tərəfdaşlığı araşdıracaq.

ABŞ Ədliyyə Departamenti və Federal Ticarət Komissiyası inhisarlaşmanın qarşısını almaq üçün antiinhisar araşdırmalarına yol açan razılığa gəlib.

Reuters-də yer alan xəbərə görə, süni intellektin inkişafında əhəmiyyətli irəliləyişlər əldə etmiş Nvidia, Microsoft və OpenAI şirkətlərinə qarşı rəqabət araşdırması aparılır. Ədliyyə Departamenti Nvidia-nı araşdırarkən, Federal Ticarət Komissiyası da Microsoft və OpenAI arasındakı tərəfdaşlığı araşdıracaq.

Microsoft-un ChatGPT kimi sistemləri inkişaf etdirmək üçün əhəmiyyətli hesablama resursları təmin etdiyi OpenAI ilə sıx əlaqəsinin süni intellekt sahəsində rəqabətə necə təsir etdiyi araşdırılacaq. Bu kontekstdə Microsoft-un OpenAI-a investisiyaları diqqət mərkəzində olacaq.

Çərşənbə günü bazar dəyəri ilə Apple-ı geridə qoyan və dünyada ikinci ən yüksək bazar dəyərinə sahib ikinci şirkətə çevrilən Nvidia-nın araşdırma altında olmasının səbəbi, istehsal etdiyi qabaqcıl çiplərin süni intellekt bazarında hökmranlığıdır. Nvidia-nın aparıcı təchizatçı kimi mövqeyi bazar dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub və onun 3 trilyon dolları keçməsinə imkan verib.

Şirkətlər hər hansı qeyri-qanuni fəaliyyətə görə xüsusi ittihamlarla üzləşməsələr də, Ədliyyə Departamenti və Federal Ticarət Komissiyası süni intellekt sənayesində ədalətli rəqabətin və ya innovasiyanın texnologiya nəhəngləri tərəfindən boğulmadığına əmin olmaq istəyir.

Federal Ticarət Komissiyası daha əvvəl OpenAI və Anthropic kimi süni intellekt təşəbbüsləri və Amazon, Google və Microsoft kimi bulud hesablama nəhəngləri arasında əlaqəni araşdırmağa başladığını açıqlayıb.