İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,2 faiz artaraq 1618,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xidmətin 74,5 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 36,2 faizi və ya 585,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır.