Korrupsiya - dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə hallarıdır.
Bu il Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan sahələr açıqlanıb.
"Kommersant.az"ın məlumatına görə, baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, bu ilin birinci yarısında istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu mənzil-tikinti sektoru ilə bağlı olub. Belə ki, adı çəkilən sahə üzrə 18 şəxs barəsində 9 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Növbəti yerdə isə bank və bank olmayan kredit təşkilatları durur. Bu sahə üzrə 43 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Xatırladaq ki, 11 aprel prezident seçkilərindən sonra keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun hökumətin yeni tərkibində yer almama səbəbləri sırasında onların korrupsiya hallarına yol vermələri ittihamı da yer almışdı.
KORRUPSİYA NƏDİR
Korrupsiya - dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə hallarıdır. Termin, əsasən, bürokratik aparat və siyasi elita ilə bağlı işlənilir.
"Rüşvətxorluğun növləri ilə əlaqədar müəyyən edilmiş hüquqpozmalar Cinayət Məcəlləsinin 311 və 312-ci maddələri ilə tənzimlənir".
Bunu "Kommersant.az"a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, 311-ci maddədə konkret olaraq passiv rüşvətxorluq (yəni rüşvət alma) nəzərdə tutulur.
"Rüşvətxorluğun iki növü var - aktiv və passiv. Aktiv rüşvətxorluq rüşvət verən və ya verməyə söz verən şəxs tərəfindən törədilən cinayətdir. Rüşvət alan şəxs 12 ilə qədər, rüşvət verən isə 8 ilə qədər azadlıqdan məhrum edilə bilər. Əgər şəxs, rüşvəti hədə-qorxu nəticəsində veribsə, yaxud da rüşvət verən şəxs bu haqda dövlət orqanlarına şəxsən məlumat veribsə, bu halda o, məsuliyyətdən azad olunur".
Ekspert bildirib ki, Azərbaycanda korrupsiya böyük miqyas alıb və ictimai qınağa ehtiyac duyulur:
"Təsadüfi deyil ki, dövlət başçısı öz çıxışlarında ölkədə korrupsiya hallarının yayılması barədə dəfələrlə bildirib. O, insanları gəlib bu barədə dövlət orqanlarına məlumat verməyə dəvət edib. İlham Əliyev təxminən 2 il əvvəl çıxışlarından birində məhkəmələrdə də rüşvətxorluğun yayılması haqqında danışmışdı. Rüşvət alanlar hər yerdə var. İnsanlar istəyirlər ki, işlərini rüşvətlə həll etsinlər. Vətəndaşların əksəriyyəti elə vəzifə tutmaq istəyirlər ki, rüşvət ala bilsinlər. Problemi ictimai qınaq vasitəsilə müəyyən qədər aradan qaldırmaq mümkündür".
İqtisadçı ekspert Natiq Cəfərli isə mövzu ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, iqtisadi sahələrdə ciddi korrupsiya hallarının olması rəqabətli mühitin artmasına, iqtisadiyyatın cəlbedici olmasına, sərmayəçilərin Azərbaycana marağının artmasına mane olur:
"İqtisadi sahələrdə çox ciddi korrupsiya halları baş verir. Xüsusilə mənzil-tikinti sektoru həmişə bu sahədə öndə olub. Xarici və daxili araşdırmaların nəticələrinə əsasən, Azərbaycanda kölgə iqtisadiyyatının həcmi ümumi iqtisadiyyatın 55%-ni təşkil edir. Qonşu Türkiyədə bu göstərici 25% təşkil edir. Təmir-tikinti sahəsindən başqa, müxtəlif fəaliyyət növləri üçün imkanların yaradılması ilə bağlı dövlət orqanlarında korrupsiya faktlarının olması həmişə öndə olub. Hüquq mühafizə orqanları bu barədə dəfələrlə açıqlamalar veriblər".
Ekspertin sözlərinə görə, problemi sərt cəzalar, elektronlaşma vasitəsilə müəyyən qədər aradan qaldırmaq olar:
"Məsələnin köklü həlli üçün 2 şərt əsasdır - büdcə xərcləmələrinin kifayət qədər şəffaf olması, biznesmenlə məmur təmasının aradan qaldırılması. Dünyada ən az korrupsiya olan ölkələrdən biri Sinqapurdur (artıq 10 ildir). Sinqapurun məhkəmə sistemi Böyük Britaniyanın hüquq sistemini könüllü şəkildə qəbul edib. Ölkə ərazisində məhkəmələrdən narazı qalan hüquqi və fiziki şəxslərin Britaniya Ali Məhkəməsinə müraciət etmək hüququ var. Bu da məhkəmə sistemində ciddi islahatlara gətirib çıxardı. Rüşvətə görə hətta ömürlük həbs cəzalarının olması kifayət qədər təsirli oldu. Önəmli örnəklərdən digəri Estoniyadır. Ölkə, dünya üzrə ən az korrupsiyanın olduğu 10 dövlətdən biridir. Orada dövlət idarəetməsi, bizneslə dövlət münasibətləri tamamilə elektronlaşdırılıb. Gürcüstanda da müəyyən pozitiv addımlar atılıb. Korrupsiya faktlarının tamamilə aradan qaldırıldığı ölkə yoxdur. Hətta ABŞ korrupsiya reytinqində 22-ci yerdə qərarlaşıb. Avropa ölkələrindən Fransada korrupsiya həmişə reytinqdə aşağı yer tutub. İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan iri həcmli korrupsiyaya malik ölkələrdən sayılırlar. Həmin ölkələrdə proseslərin şəffaflaşmasında medianın gücü Azərbaycana nisbətən güclüdür".