GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyası) icra etdiyi “Azərbaycanın Şəki-Zaqatala və Gürcüstanın Laqodexi sərhədyanı ərazilərində kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı bioloji mübarizə üsullarının tətbiqi” layihəsi çərçivəsində layihəyə cəlb olunmuş fermerlər üçün sahə məsləhət xidmətləri həyata keçirilib.
"Kommersant"ın xəbərinə görə, assosiasiyadan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu məqsədlə layihənin ekspertləri Azərbaycan Milli Elmlər Akademiyasının Ekoloji Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin və Regional Kənd Təsərrüfatı İdarələrinin əməkdaşları ilə birgə Şəki, Qax və Zaqatala rayonlarında iştirakçı fermerlər üçün praktiki sahə məsləhət günü təşkil ediblər.
Görüş zamanı ekspertlər fermerlərlə birgə fındıq bağlarına və tərəvəz əkinlərinə baxış keçiriblər. Baxış prosesində aşkarlanmış zərərvericilər və xəstəliklər haqqında fermerlərə ətraflı tətbiqi biliklər aşılanıb, onlara qarşı bioloji mühafizə vasitələrindən istifadə qaydaları üzrə tövsiyələr, eyni zamanda, təsərrüfatlarda bitkilərin vegetasiya dövründə həyata keçirilməsi zəruri olan aqrotexniki qulluq üzrə yol verilmiş nöqsanlar barədə müvafiq məsləhətlər verilib.