İyulun 25-də Əbu-Dabinin Yas adasında “Warner Bros. World. Abu Dhabi” adlı yeni möhtəşəm park istifadəyə verilib. Bir milyard ABŞ dolları sərmayə yatırılan bu park Əbu-Dabinin əyləncə kompleksləri sahəsinin lideri olan “Miral” şirkəti ilə “Warner Bros. Entertainment”in tərəfdaşlığının məhsuludur. Kompleksin altı tematik zonadan ibarət olan 153 min kvadratmetr ərazisində 29 supermüasir attraksion, ailəvi interaktiv lokasiyalar və unikal şoular təqdim edilib.
"Kommersant" AZƏRTAC-a istinadən bildirir ki, parkın rəsmi açılış mərasimi iyulun 24-də olub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Dubayın Əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum və Əbu-Dabinin vəliəhd şahzadəsi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan mərasimdə iştirak ediblər.
"Miral" şirkətinin idarə heyətinin başçısı, Məhəmməd Xəlifə Əl Mübarək deyib: "Bu gün biz böyük iftixarla Yas adasında "Warner Bros. World Abu Dhabi" kompleksini açırıq. Bu kompleks aparıcı ailəvi turizm istiqaməti kimi Əbu-Dabinin mövqelərinin möhkəmləndirilməsi yolunda hamımız üçün əlamətdar hadisədir. Əminəm ki, onsuz da iri olan əyləncə kompleksləri portfelimizə bu tematik parkın əlavə olunması Yas adasını BƏƏ-nin qonaqları üçün daha cəlbedici edəcək. Biz "Warner Bros" ilə əməkdaşlıq etməyə şadıq, çünki təkcə gəncləri deyil, ürəyi cavan olan bütün insanları cəlb edən belə bir heyrətamiz attraksion məhz bu əməkdaşlıq sayəsində ərsəyə gəlib".
Sonra "Warner Bros. Cinema Spectacular" əyləncəli kino mərkəzində ilk dəfə filmə baxış olub. Mərkəzdə "Warner Bros" filmlərindən ibarət unikal kitabxana yaradılıb. Açılış mərasiminin sonunda Şeyx Zayed bin Əhməd bin Zayed Əl Nəhyan, Şeyx Saif və Şeyx Əhməd bin Həməd bin Zayed Əl Nəhyan populyar DC və "Warner Bros. Animation" qəhrəmanlarının müşayiəti ilə səhnəyə çıxıblar. Onlar rəmzi düyməni basmaqla tematik parkın açıldığını elan ediblər.
Qonaqlara maraqlı əyləncələrdən ibarət bütöv bir dünya təqdim edən yeni park onları altı tematik zonaya - "DC Metropolis", "Gotham City", "Cartoon Junction","Bedrock", "Dynamite Gulch" və "Warner Bros. Plaza" zonalarına dəvət edir. Bu zonalardan hər biri unikal dizaynı ilə seçilir. Qonaqlar sevimli filmlər, komikslər və teleseriallar aləminə səyahət edəcəklər. Parka gələnləri sevimli filmlərin üslubunda tərtib edilmiş çoxsaylı kafelər, restoranlar və əlüstü yemək məkanları, habelə məşhur dizaynerlərin mağazaları, "Warner Bros"un suvenir məhsulları, o cümlədən məxsusi olaraq bu park üçün yaradılmış suvenirlər gözləyir.
"Warner Bros"un idarə heyətinin başçısı və baş direktoru Kevin Tsyucihara deyib: "Warner Bros" kinostudiyasının dünyada yüksəkkeyfiyyətli əyləncə kontentinin yaradılması və yayılması sahəsində az qala 100 illik təcrübəsi var. Dünya səviyyəli bu kompleks bizim ənənələri böyük vüsətlə davam etdirir. "Warner Bros. World. Abu Dhabi" çox populyar personajlarımızı sözün həqiqi mənasında canlandırır və onların pərəstişkarlarını interaktiv əyləncələr aləminə səyahətə dəvət edir. Parkın yaradılmasında "Miral" şirkətindən olan həmkarlarımız qədər yaxşı tərəfdaşlar ola bilməzdi və biz bu əməkdaşlığımızı davam etdirmək üçün yeni imkanlara ümid bəsləyirik".
Tematik parkın qonaqları DC-nin superqəhrəmanları - Betmen, Supermen, Möcüzə-qadın, habelə "Lonney Tones" və "Hanna-Barbera"nın məşhur animasiya personajları – Tom Cerri, Skubi-Du və Flintstounlarla görüşəcəklər. Son dərəcə gerçək mühit yaradan və həqiqətən unudulmaz təəssüratlar bəxş edən müasir texnologiyalar sayəsində bütün bu personajlar göz qabağında canlanırlar.