USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci-beşinci kateqoriya dövlət orqanlarında vakant rəhbər vəzifələrə tələblər dəyişib

26.07.2018 İqtisadiyyat
0 0
Nazirlər Kabineti “Birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”ndə dəyişikliklər edib.

"Kommersant"ın məlumatına görə, dəyişikliklərə əsasən birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-altıncı təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması zamanı rəhbər vəzifələrlə bağlı iş stajına dair xüsusi tələblər ləğv edilib.

Məsələn, indiyə qədər inzibati vəzifələrin birinci təsnifatında aparat rəhbəri vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda rəhbər vəzifələr üzrə 5 ildən az olmamaqla, 8 il qulluq stajı və yaxud rəhbər vəzifələr üzrə 7 ildən az olmamaqla 11 il iş stajına malik olmalı idi. Dəyişikliyə əsasən artıq iş stajına dair yalnız vəzifənin qulluq funksiyalarını nəzərə alaraq dövlət qulluğunda 8 il qulluq stajı və yaxud 11 il iş stajı tələb olunacaq. Başqa sözlə, birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-altıncı təsnifatlarına uyğun vakant rəhbər vəzifə üçün həmin şəxsin əvvəllər rəhbər vəzifələr üzrə qulluq və yaxud iş stajına malik olması tələb edilməyəcək. Sadəcə, dövlət qulluğunda qulluq stajı və yaxud iş stajı tələb olunacaq. Beləliklə, rəhbər vəzifələrdə çalışmamış şəxslər də birinci-beşinci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-altıncı təsnifatlarına uyğun olan vakant rəhbər vəzifələr tuta biləcəklər.