USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının “Azparkinq” dərdi - MÜSAHİBƏ

20.09.2024 İqtisadiyyat
0 0
Fəaliyyətə başladığı gündən vətəndaşlar tərəfindən sevilməyən “Azparkinq” problemləri ilə gündəmdən düşmür.

Kommersant.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların parklanma problemləri ilə bağlı ardı-arası kəsilməyən şikayətlərindən bir neçəsini qurumun tabe olduğu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (qısaca - AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucova ünvanladıq.

  • Niyə “Azparkinq”ə dair əlaqə nömrəsi tapmaq olmur?
  • Bütün parklanma məntəqələrindəki lövhələrdə və mobil tətbiqdə AYNA-nın “141” Çağrı Mərkəzinin nömrələri qeyd edilib.
  • Mən mətbuat nümayəndəsi olaraq, sizinlə 1 sutkaya əlaqə yarada bildimsə, vətəndaşlar şikayətini necə bildirməlidir?
  • Parklanma ilə bağlı vətəndaşlar yaranan suallarla və üzləşdiyi çətinliklərlə bağlı AYNA-ya müraciət edə bilərlər. Çağrı Mərkəzi və agentliyin bütün sosial şəbəkə platformaları üzərindən müraciət etmək mümkündür. Vətəndaşlar “141” Çağrı Mərkəzinə zəng vura bilərlər. Operatorlarımız bütün müraciətləri cavablandırır.
  • Bu ölkənin vətəndaşı bu ölkədə yol kənarında saxladığı maşına görə niyə dövlətə ödəniş etməlidir?
  • 1 ildən çoxdur ki, parklanma yerləri yeni qaydalar əsasında idarə olunur. Bu qaydalar parklanma sahəsində nizam-intizamın yaradılmasına, qanunsuz pul yığımının qarşısını almaqla maliyyə şəffaflığının təmin olunmasına xidmət edir. Parklanmadan daxil olan vəsaitin xərclənməsi istiqamətləri isə nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydasının təsdiq edilməsi haqqında fərmanla müəyyən olunub.
  • Niyə? Əvvəl parkinq yerlərində dayanan yaşlılara, xəstələrə imkan daxilində ödəniş edirdik. Vacibdir ki, parklanmada verəcəyimiz 0, 50 – 1 manatı da dövlətə verək?
  • Parklanmaya olan tələbatdan asılı olaraq, Bakı şəhərinin müəyyən hissələri 4 ödənişli zonaya bölünüb. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 0,70, 0,40, 0,30 manat məbləğində müəyyən edilib. Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir.
  • Parklanma üçün qanunsuz pul yığımının qarşısının alınması məqsədilə ödənişlər mobil tətbiq və sms vasitəsilə yalnız nağdsız qaydada həyata keçirilir. Küçə parklanma yerlərindən istifadəyə görə, sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur.
  • Tutaq ki, dediyinizi qəbul etdik. Bəs parklanma məbləği niyə bu qədər çoxdur?
  • Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq edilir. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilmir.
  • Əgər şəhərdə ictimai nəqliyyat sistemi düzgün qurulsaydı, sizə haqq vermək olardı. Amma səhər işə getmək üçün neçə avtobus, qatar buraxmalısan ki, özünə yer tapıb minə biləsən. Yəni, bir istiqamət üzrə buraxılan avtobus xətti çox azdır.
  • Əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınmasının təmin olunması üçün yeni marşrut və əlaqələndirilmiş avtobus zolaqları şəbəkəsi hazırlanıb. Hazırda paytaxtın küçə və prospektlərində xüsusi hərəkət zolaqları təşkil edilir. Zolaqlar avtobusların fasiləsiz və intensiv hərəkətini təmin edir. Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində də işlər aparılır. Son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib. AYNA tərəfindən tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə əlavə 170 avtobus buraxılıb. 160 yeni elektrik avtobus da alınıb.

Nəticədə onu deyə bilərik ki, AYNA “Azparkinq”in fəaliyyətində qüsur görmür. Əgər bu istiqamətdə problemi olan vətəndaşlar varsa, bizimlə əlaqəyə keçə bilər.

  • Əvvəlki

    COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Digər xəbərlər

20.09.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
20.09.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0