İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə "İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu" mövzusunda seminar keçirilib.
Mərkəzdən "Kommersant"a verilən məlumata görə, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə təlimin məqsədinin qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir biznes subyektinin ixrac əməliyyatlarının həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklərin və mübahisəli halların həll edilməsi istiqamətində maarifləndirməni təmin etmək olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə vahid dövlət siyasəti, dövlət tənzimləməsi və nəzarəti həyata keçirilir. Məhz bu səbəbdən ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi baxımından qeydiyyata alınması, sanitariya, gigiyena, baytarlıq və fitosanitar norma və qaydalarını bilmək və onlara əməl etmək sahibkarların işini asanlaşdıracaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev son illər həyata keçirilən islahatlar, kənd təsərrüfatı və qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışaraq, yerli ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfəsini verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək göstərəcək.
Təlim zamanı AQTA-nın Sertifikatlaşdırma və qeydiyyat şöbəsinin müdiri Nübar Hüseynli qida sahəsi üzrə ixrac prosesində tələb olunan sertifikatlar, onları əldə etmək üçün müraciət formaları, tələb olunan sənədlər barədə ixracatçı sahibkarları məlumatlandırıb və qida məhsullarının istehsalının bütün mərhələlərində onların daşıdığı risk səviyyəsi, risklərin təhlili və risk əsaslı dövlət nəzarətinin həyata keçirilməsindən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlarla əməkdaşlıq imkanları müzakirə edilib.