ABŞ prezidenti Co Baydenin İsrailin İranın neft obyektlərinə hücum ehtimalı ilə bağlı açıqlamalarından sonra neftin qiyməti 4 faizdən çox artıb. Mütəxəssislər neft qiymətlərindəki bu artımın qalıcı və ya müvəqqəti olacağı ilə bağlı mühüm açıqlamalar verib.
ABŞ prezidenti Co Baydenin İsrailin İranın neft obyektlərinə qarşı mümkün cavab hücumu ilə bağlı açıqlamalarından sonra neft qiymətləri sürətlə yüksəlib. Baydenin oktyabrın 3-də İsrailin belə bir hücumu həyata keçirməsi ehtimalına qapını açıq qoyması Brent markalı neftin barel qiymətinin 4 faizdən çox artaraq 77,83 dollara qalxmasına səbəb olub.
İsrailin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İran generalı Abbas Nilfuraşanın öldürülməsinə cavab olaraq İranın İsrailə onlarla ballistik raket atmasından sonra başlayan gərginlik qlobal enerji bazarlarında narahatlığı artırıb. Həmin gün İsrailin baş naziri Benyamin Netanyahunun “İran böyük səhv etdi və bunun əvəzini ödəyəcək” açıqlaması qiymətlərin 3 faizdən çox artmasına səbəb olub.
Baydenin hücum ehtimalı ilə bağlı açıqlamalarından sonra neft qiymətləri 4 faizdən çox artaraq 77,44 dollara bağlanıb. Lakin ABŞ prezidentinin oktyabrın 4-də “Mən onların yerində olsaydım, neft yataqlarından başqa alternativləri nəzərdən keçirərdim” deməsi qiymət artımlarını bir qədər ləngidib.
Mütəxəssislər: Daimi təsir gözlənilmir
Avropa Enerji Təhlükəsizliyi Təşəbbüsünün İcraçı Üzvü Alberik Monqrenyer bəyan edib ki, o, İsrailin İranın neft obyektlərinə hücumunun qlobal neft qiymətlərinə qalıcı təsir göstərəcəyini gözləmir.