USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda vergi daxilolmaları 21%-dən çox artıb

09.10.2024 İqtisadiyyat
0 0
Vergilər üzrə proqnoz 2024-cü ildə 2022-ci illə müqayisədə 61,2 milyon manat və ya 54,3 faiz artırılmaqla, 112,8 milyon manatdan 174 milyon manata çatdırılıb. Növbəti ildə vergi daxilolmaları üzrə proqnoz məbləğinin 17,5 milyon manat artırılmaqla, 191,5 milyon manata çatdırılması nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 78,7 milyon manat və ya 69,8 faiz artım deməkdir.

Bunu oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov İqtisadiyyat Nazirliyinin 2024-cü ilin 9 ayında fəaliyyətinin nəticələri barədə hesabatında bildirib.

Abbas İsmayılov qeyd edib ki, 2024-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.

Cari ilin 9 ayında faktiki vergi daxilolmaları 157,6 milyon manat təşkil edib ki, bu da müəyyən olunmuş proqnoz məbləğindən 27,8 milyon manat və ya 21,4 faiz çoxdur.

“İlin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə aktiv vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20553 təşkil edib. 1 yanvar 2023-cü illə müqayisədə aktiv vergi ödəyicilərinin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan onlayn nəzarət-kassa aparatlarının sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı isə 23,6 faiz artıb”, – deyə o əlavə edib.