Avropa İttifaqının (Aİ) vəsaitlərindən sui-istifadənin qarşısını almaq üçün yaradılan Avropa Auditorlar Məhkəməsi ötən il İttifaqın xərclərində 10 milyard avrodan çox səhvə yol verildiyini bildirib.
Baş ofisi Lüksemburqda yerləşən və Aİ büdcəsinin və fondlarının auditinə cavabdeh olan Avropa Auditorlar Məhkəməsi İttifaqın 2023-cü il xərclərinə dair illik hesabatını dərc edib. Müvafiq olaraq, keçən il Aİ büdcəsindən xərcləmələrdə səhv nisbətində həyəcan verici bir artım oldu.
Səhv xərc nisbəti 2021-ci ildə 3 faiz, 2022-ci ildə 4,2 faiz olduğu halda, 2023-cü ildə bu nisbət 5,6 faizə yüksəlib.
Beləliklə, Aİ-nin 2023-cü il üçün 191,2 milyard avroluq xərclərində təxminən 10,7 milyard avro səhvə yol verilib.
Bundan əlavə, Aİ-nin Covid-19 iqtisadi bərpa fondundan xərclədiyi 48 milyard avronun bəzilərində pozuntular olub. Ödənişlər və nəzarət sistemlərində zəifliklər müəyyən edilib.
Aİ büdcəsinə təzyiq də artıb. 2022-ci ildə 452,8 milyard avro olan Aİ-nin ödənilməmiş öhdəlikləri 2023-cü ilin sonuna kimi rekord səviyyəyə - 543 milyard avroya yüksəlib. 2022-ci ildə 348 milyard avro olan Aİ-nin ümumi borcu da 2023-cü ildə 458,5 milyard avroya yüksəlib.