USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naxçıvanda günəş elektrik stansiyasının təməli qoyulacaq

18.10.2024 İqtisadiyyat
0 0
Naxçıvan Muxtar Respublikasında "Nobel Energy Management" tərəfindən 400 meqavat həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətindən Trend-in sualına cavab olaraq bildiriblər ki, çox yaxın zamanda ilkin mərhələdə gücü 30 meqavat olan yeni günəş elektrik stansiyasının təməlqoyma mərasimi olacaq.

"Bunun üçün investorlara 688 hektar əkinə yararsız torpaq sahələri ayrılıb", - deyə qurumdan bildiriblər.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib ki, Naxçıvanda 2030-cu ilə qədər 1200 MVt gücündə günəş elektrik stansiyalarının (GES) inşa edilməsi üzrə "Baltech", "Nobel Energy", "A-Z Czech Engineering" və "TotalEnergies" şirkətləri ilə əməkdaşlıq edilir.

"Əlverişli günəş radiasiyasına və 5000 MVt həcmində bərpaolunan enerji potensialına malik Naxçıvan Prezident İlham Əliyevin "yaşıl enerji" zonası təcrübəsinin bu strateji bölgədə də tətbiqi siyasətinə uyğun inkişaf etdirilir. Burada istehsalla ixrac marşrutunun yaradılmasına vəhdətdə baxılır".