Türkiyə kapitallı “Birlik Deri” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, rezidentlərin sayı 28-ə çatıb.
Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, şirkət tərəfindən Sənaye Parkında dəri məmulatların istehsalı layihəsi həyata keçiriləcək. İnvestisiya dəyəri 20,8 milyon manat olan layihə çərçivəsində 250-dən çox yeni iş yeri yaradılacaq.
Bildirilib ki, İtaliya, Türkiyə, Cənubi Koreya kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 32 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2300-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 92 milyon manatdan çox investisiya yatırılıb, 370-dən artıq iş yeri yaradılıb.