USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"BakuBus"da növbəti kobudluq hadisəsi - FOTO

27.07.2018 İqtisadiyyat
0 0
"BakuBus" sürücüləri sərnişinlərə qarşı kobud rəftarını davam etdirir... aidiyyəti qurumlar isə bu səhlənkarlığa hələ də göz yumur.

"Kommersant.az" xəbər verir ki, bu gün səhər saatlarında, Azadlıq prospekti m/st - 20-ci sahə marşrut xətti üzrə hərəkət edən, "BakuBus"a aid 6 nömrəli avtobusda sərnişindaşıma nəqliyyatının hərəkət qaydalarına zidd hadisə baş verib.

Belə ki, hadisə, 15-072 BNA qeydiyyatlı 99-JH-106 dövlət nömrə nişanlı avtobusda, iki xanım dayanacaqda enərkən cərəyan edib. İki xanımdan biri endikdən sonra, digər xanım enmək üçün avtobusdakı sıxlıq səbəbilə qapıya bir qədər gec yaxınlaşdığı üçün, yuxarıda qeyd olunan avtobusun sürücüsü Novruzov Oktay qapıları bağlayaraq dayanacaqdan uzaqlaşıb. Enmək istəyən xanımın və digər sərnişinlərin avtobusu saxlaması ilə bağlı təkidli tələblərinə məhəl qoymayan sürücü, hərəkətə davam edərək, avtobusu uzaq məsafədə yerləşən növbəti dayanacaqda saxlayıb. Qeyd edək ki, avtobusda ciddi narazılığa səbəb olan bu və buna bənzər kobudluqlar "BakuBus"da mütəmadi olaraq baş verir.

Məsələyə aydınlıq gətirməsi üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev ilə əlaqə saxladıq. Qurum rəsmisi deyir ki, bununla bağlı tədbir görüləcək:

"Avtobus dayanacaq məntəqəsinə gəlibsə və sərnişin enmək üçün qapıya yaxınlaşıbsa, sürücü də ən azından müəyyən bir müddət gözləməlidir ki, sərnişinlər tam rahat bir şəkildə enə bilsinlər. Əgər dediyiniz kimi bir hal varsa bu barədə "BakuBus"a məlumat verəcəyik. Onlarda video görüntülər olur. Araşdırılacaq. Əgər həqiqətən də sürücü diqqətsizlik edibsə, sərnişinin enməsinə imkan verməyərək qapıları tez bağlayıb sürübsə, həmin sürücü ilə bağlı tədbir görülməsini daşıyıcıdan tələb edəcəyik".