Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.
Kommersant.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin dekabrın 10-da keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Layihə qanunsuz miqrantların saxlanılması mərkəzlərində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerləşdirilməsi və saxlanılması qaydalarının təkmilləşdirilməsi, onların hüquq və mənafelərinin təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə Məcəlləyə 82.4-82.8-ci maddələrin əlavə edilməsi təklif olunur.
Həmin maddələrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılması müddətinin hesablanması, onların bu mərkəzlərdə yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi haqqında qərarın icra edilməsi qaydaları və qanunsuz miqrantların saxlanılması mərkəzlərinin rəisi tərəfindən həmin mərkəzlərdə məcburi yerləşdirilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin azad edilməsi halları təsbit edilir.
Bununla yanaşı, Məcəlləyə 88-1 – 88-11-ci və 89-1-ci maddələrin əlavə olunması nəzərdə tutulur. Bu əlavələrə əsasən, qanunsuz miqrantların saxlanılması mərkəzlərində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi məqsədilə hamin şəxslərin şəxsi təhlükəsizlik hüququ, yazışmaları, müraciətlərinin göndərilməsi, digər şəxslərlə əlaqələri, maddi-məişət və tibbi-sanitariya təminatları, dini ayinlərin yerinə yetirilməsi, dini ləvazimatdan və ədəbiyyatdan istifadə edilməsi, bağlama, sovqat, pul baratlarının alınması və ya göndərilməsi, mülki hüquq və ailə münasibətlərində iştirakı, həmin şəxslərə tətbiq edilən həvəsləndirmə tədbirləri və digər məsələlərlə bağlı tənzimləmələr öz əksini tapıb.