USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran OPEC-in dövri sədri seçilib

11.12.2024 İqtisadiyyat
0 0
İranın neft naziri Möhsün Paknejad 2025-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) dövrü sədri seçilib.

Ötən gün (10 dekabr) OPEC-in 189-cu iclasının video-konfrans formatında keçirilməsindən sonra yerli mediaya açıqlama verən İranın neft naziri Möhsün Paknejad bildirib ki, OPEC-in iclasında bir sıra önəmli qərarlar, o cümlədən, İran neft nazirinin OPEC-in dövrü sədri seçilməsi haqda qərar verilib.

Paknejad qeyd edib ki, OPEC-in katibliyinin büdcəsi haqda məsələlər müzakirə olunub və büdcə bütün üzvlər tərəfindən təsdiqlənib. Öz üzvlük haqqını ödəməyən bəzi üzvlərin tez bir zamanda ödəniş etmələri qeyd olunub.

İranlı nazir büdcənin dəyərini açıqlamayıb.

O əlavə edib ki, OPEC-in baş katibi Heysəm əl-Qeys üç il müddətinə yenidən öz vəzifəsini yerinə yetirəcək.

“2025-ci ildə OPEC-in dövri sədri olaraq öhdəliyimi tam şəkildə yerinə yetirəcəyəm. Həmçinin, OPEC-də birliyin qorunması və qeyri-OPEC şəriklərimizlə əməkdaşlığın davam etdirilməsi istiqamətində çalışacağam”, - deyə o qeyd edib.

Qeyd edək ki, hazırda OPEC-in 12, OPEC+ alyansının 12 üzvü var.

Əlavə edək ki, İranın bütün karbohidrogen ehtiyatı 1,2 trilyon bareldir. İran mövcud texnologiya avadanlıqları ilə onun 340 milyard barelini çıxara bilər. İran təxminən 30%-dən istifadə edə bilər və 70% yer altında istifadəsiz qalır.