USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

21.12.2024 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla İran arasında ticarət əməliyyatlarının həcmi 583,646 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 146,43 milyon ABŞ dolları və ya 33,5% çoxdur.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,35%-i həcmində olub.

11 ayda Azərbaycan İrana 12,87 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 402 min ABŞ dolları və ya 3,03% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 146,832 milyon ABŞ dolları və ya 34,6% artıraraq, 570,776 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İran ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 3,04%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4,2 milyard ABŞ dolları və ya 8,9% azdır.

Xarici ticarət dövriyyəsinin 24,3 milyard ABŞ dolları ixracın, 18,7 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,1 milyard ABŞ dolları və ya 22,8% azalıb, idxal isə 2,9 milyard ABŞ dolları və ya 18,7% artıb.

Nəticədə, xarici ticarətdə 5,5 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə illik müqayisədə 10,1 milyard ABŞ dolları və ya 2,8 dəfə azdır.