USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölümlə nəticələnən əmək mühafizəsi qaydalarının pozulması faktı üzrə cinayət işi başlanıb

29.07.2018 İqtisadiyyat
0 0
İyulun 28-də saat 19:00 radələrində Bakı-Quba yolunun 29 kilometrliyində fəaliyyət göstərən avtotəmir sexində “DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Kommersant.az-a bildiriblər ki, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də "DAF" markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, həmin şəxslər xəstəxanada vəfat ediblər.
Şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər prokuroru və ekspertin iştirakı ilə hadisə yeri müayinə edilib, hadisənin şahidləri dindirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.
Hazlrda iş üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.