“SOCAR Polymer” MMC-yə yaxın vaxtlarda yeni özəl səhmdarın daxil olması nəzərdə tutulub.
"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov bildirib.
Lakin o, potensial səhmdarın adını açıqlamayıb. Baş direktor onu da qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "SOCAR Polymer" şirkətində payı 50%-dən aşağı düşməyəcək, yəni əsas nəzarət payı SOCAR-da qalacaq.
"SOCAR Polymer"in baş direktoru bildirib ki, hazırda şirkətdə SOCAR-dan başqa, "Vitol Black Sea V.L.L" 19%, "Paşa Holding" 10%, "Gilan Holding" ("Ecoland") 10%, "Azərsun Holding" 5% civarında paya malikdir.
Qeyd edək ki, "SOCAR Polymer" MMC Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ilin iyul ayında yaradılıb. Şirkət həmin il sentyabrın 23-də Sumqayıt Kimya Sənaye Parkın parkının rezidenti qismində qeydə alınıb. "SOCAR Polymer" şirkəti dövlətlə özəl sektorun Azərbaycanda birgə yaratdıqları ilk tərəfdaşlıqdır. "Vitol Black Sea V.L.L" MMC "SOCAR Polymer" MMC-yə 2017-ci ildə daxil olub. Şirkət SOCAR-dan 19% pay alıb.
"SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksək Sıxlıqlı Polietilen Zavodu da daxildir.
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Polipropilen zavodunun açılışı olub.Yüksək Sıxlıqlı Polietilen zavodunun isə bu ilin IV rübündə istismara verilməsi gözlənilir.