İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.
"Kommersant.az" xəbər verir ki, icmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz artıb.
2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (54,6 milyon ABŞ dolları) üçüncü olub.
Ümumiyyətlə 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
2018-ci ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon ABŞ dolları). Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 milyon ABŞ dolları) isə üçüncü olub.