USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il Bakıda sənaye istehsalının həcmi açıqlanıb

19.02.2025 İqtisadiyyat
0 0
Ötən il Bakıda sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 53,2 milyard manat təşkil edib.

Kommersant.az bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2,9 milyard manat, yaxud da 5,2% azdır. Belə ki, 2023-cü ildə Bakıda sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 56,1 milyard manat idi.

Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,8 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 yanvar 2025-ci il vəziyyətinə 342,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 55,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.