USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftdə “vergi güzəşti” azalmanı dayandıra bilmədi

10.04.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 64,80 dollara satılır.

“Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:07-yə bağlanış qiyməti ilə müqayisədə təxminən 1 faiz ucuzlaşaraq 64,80 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 61,60 dollara alınıb.

Çinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərə görə cavab verməsi ardınca neft tələbinin məhdudlaşdırılacağına dair gözləntilər səbəbilə dünən 60 dollardan aşağı düşən neft qiymətləri, Trampın tarifləri 90 gün təxirə salma qərarından sonra bir qədər toparlansa da, azalma tendensiyası davam edir.

ABŞ administrasiyasının Çindən idxal edilən məhsullara 34 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırması və daha sonra Çin ABŞ-ın tarif artımlarına cavab olaraq bu ölkəyə eyni miqdarda əlavə rüsum tətbiq edəcəyini açıqladıqdan sonra Brent markalı neft aprelin ilk həftəsində təxminən 9 faiz dəyər itirib.

Trampın aprelin ikinci həftəsində Çinin ikitərəfli tariflərə cavab olaraq elan etdiyi 34 faizlik tarifləri geri götürməməsi halında ona 50 faiz əlavə rüsum tətbiq ediləcəyi ilə bağlı açıqlamaları tələblə bağlı narahatlıqları artırıb və neft qiymətlərini basdırıb.

Çin Maliyyə Nazirliyinin dünən ABŞ-dan idxal edilən məhsullara əlavə 50 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlaması ilə Çinin tətbiq etdiyi minimum tarif 84 faizə yüksəlib. Açıqlamada qeyd olunub ki, əlavə tariflər aprelin 10-dan qüvvəyə minəcək.